Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-13 13:57:00
Təhsildə hansı problemlər yaşanır?-Deputat və jurnalistlərin qarşılıqlı müzakirəsi-REPORTAJ

12 may tarixində AzEdu təhsil portalının təşkilatçılığı ilə Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri və Təhsil Jurnalistləri Birliyi arasında görüş keçirilib.

 

Görüşdə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Musa Qasımlı, deputatlar Ceyhun Məmmədov, Kamilə Əliyeva, AzEdu təhsil portalının direktoru Elşad Eyvazlı, Təhsil Jurnalistləri Birliyinin üzvləri: Nuranə Daxilqızı (Bakivaxti.az), Aləmdə Nəsib (Ayna.az), Təranə Məhərrəmova (Kaspi.az), Aytən Zəhra (Azvision.az), Niyazi Şərifsoy (Azərbaycan müəllimi), Ruhiyyə Daşsalahlı (AZərbaycan müəllimi), Aynur Hökmürəvan (Mediatürk TV), Aysel Aslan (Modern.az), Elmin Nuri (AzEdu.az) və Şükufə Süleymanlı (AzEdu.az) iştirak ediblər.

 

Giriş nitqi ilə sözə başlayan AzEdu təhsil portalının direktoru və Təhsil Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı qonaqları salamlayaraq Milli Məclisdə aparılan təhsillə əlaqəli müzakirələrin vacibliyini və qəbul edilən qərarların əhəmiyyətini qeyd edib.

 

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Musa Qasımlı mətbuat və təhsilin qarşılıqlı fəaliyyətindən söz açıb. O, təhsil sahəsinin üzləşdiyi problemləri jurnalistlərin diqqətinə çatdırıb.

 

Deputat Ceyhun Məmmədov kommunikasiyanın əhəmiyyətini qeyd edərək mətbuat nümayəndələri ilə təhsil camiyyəsinin birgə fəaliyyətinin əhəmiyyətinə toxunub. Deputat təhsil sahəsində olan problemləri qeyd edərək onların həlli istiqamətində nə kimi işlərin görülməli olduğunu qeyd edib.

 

Deputat Kamilə Əliyeva dövlətin təhsil sahəsinə olan qayğısından söz açıb. O, hazıda gənclər arasında baş verən intihar hallarının mətbuatda işıqlandırılmasından narahatlıq duyduğunu qeyd edib.

 

Sonra jurnalistlər təhsil sahəsində  müşahidə etdikləri problemləri deputatlarla müzakirə ediblər.

 

Kaspi qəzetinin jurnalisti Təranə Məhərrəmova son zamanlar ölkəmizdə geniş yayılan repetitor probleminin olduqca əhəmiyyətli olduğunu qeyd edib.

 

Musa Qasımlı həmin fikrə münasibət olaraq bu kimi halların qarşısının alınması üçün müəllimlərin peşəkar bilik və bacarıqlarının artırılmasının və orta təhsil səviyyəsində abituriyentlərin məktəblərdə daha çox bilik öyrənilməsinin təmin edilməsini vurğulayıb.

 

Deputat Ceyhun Məmmədov bu kimi halların qarşısını almaq üçün marifləndirmənin vacib olduğunu qeyd edib.

 

Deputat Kamilə Əliyeva ucqar kəndlərdə yaşayan şagirdlərin əldə etdikləri uğur və nəticələrdən söz açıb. Qeyd edib ki, hazırlığa getmədən yüksək  bal toplayan abituriyentlərin sayı heç də az deyil. Mətbuat nümayənləri də bu kimi problemlərin işıqlandırılmasında maraqlı olmalıdır.

 

Jurnalist Niyazi Şərifsoy təhsilin məqsəd və vəzifələrindən söhbət açıb. O, qeyd edib ki, orta təhsil müəssisələri yalnız bilik verməklə kifayətlənməməli, həm də tərbiyə prosesini həyata keçirməlidir.

 

Azvision.az saytının əməkdaşı Aytən Zəhra məktəblərdə şagird sıxlığını xüsusi qeyd edib. O, vurğulayıb ki, son zamanlar bəzi ümumtəhsil ocaqlarında 40-a yaxın şagirdin təhsil aldığı müşahidə edilir.

 

Deputatlar bu kimi halların təhsilin keyfiyyətinə təsir göstərəcəyini vurğulayıblar.

 

Ceyhun Məmmədov qeyd edib ki, belə hallarda təhsil işçiləri şagirdlərə fərdi yanaşa bilmir və bu, da individuallığın qarşısını alır.

 

Ayna.az saytının jurnalisti Aləmdə Nəsib son zamanlar müəllim namizədlərin daimiləşmə müsabiqəsində hicab məsələsinə görə kəsildiyi iddialarını vurğulayaraq, bu kimi neqativ halların təhsil ictimaiyyətinə ziyan vurduğunu deyib.

 

Deputat Ceyhun Məmmədov konstitusion hüquqa əsasən, bu kimi halların yolverilməz olduğunu deyib. Həmçinin, hicablı xanım müəllimlərlə digərləri arasında ayrı-seçkiliyin salınmasının düzgün olmadığını söyləyib.

 

AzEdu təhsil portalının redaktoru Elmin Nuri təhsil jurnalistlərinin Milli Məclisin Elm və Təhsil Komitəsinin iclaslarında iştirakı üçün şərait yaradılmasının onların peşəkar fəaliyyətində müsbət rola malik olacağını deyib. Həmçinin, o, STEAM layihəsinin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, qeyd edib ki, son zamanlar məktəbdə baş verən neqativ halların qarşısının alınmasında psixoloqların rolu vacibdir. Onların rolu və failliyyətinin yüksəldilməsi üçün bir sıra inkişafyönümlü işlər görülə bilər.

 

Sədr müavini Musa Qasımlı Milli Məclisə akreditə olunan jurnalistlərin komitə iclaslarında sərbət iştirak edə biləcəyini deyib.

 

Deputat Ceyhun Məmmədov isə psixologiya məsələsinin vacibliyini və tələbə, şagirdlərin hər birinin problemlərinin həlli üçün psixoloqlara getməsinin əhəmiyyətini vurğulayıb.

 

Sonda jurnalistlərə təşəkkür edən deputatlar bu kimi görüş və müzakirələrin davamlı olmasını arzu ediblər.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları