https://www.zirve.edu.az/
11.03.2018 13:08
Təhsil Nazirliyi və DİM Yevlaxdakı qəza barədə birgə məlumat yaydı
Kəllə-beyin travması alan bir şagird və məktəb əməkdaşının müalicəsi üçün Bakıdan həkim briqadası ezam olunub.

Bu gün respublikamızın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib.

AzEDU.az xəbər verir ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin yaydığı birgə məlumatda qeyd edilir ki, bu imtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus Yevlax rayonu ərazisində qəzaya uğrayıb.

Hadisə zamanı xəsarət alanlardan 12 nəfəri Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar. Digər 5 nəfər xəsarət alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Şagirdlərdən 3 nəfərin vəziyyəti qənaətbəxşdir və müalicəsi davam etdirilir. Qəza nəticəsində “kəllə beyin” travması alan 1 şagird və məktəbin əməkdaşının müalicəsini davam etdirməsi üçün Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhərindən həkim briqadası ezam olunub. Hazırda Təhsil Nazirliyinin və DİM-in rəsmiləri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasındadırlar: "Qəza zamanı xəsarət alanlara şəfa diləyir və tezliklə normal həyatlarına qovuşmalarını arzu edirik!".