Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-10 16:12:00
Peşə təhsili alan tələbələr fərdi tədris planını özləri hazırlayacaq

Peşə məktəbinə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün təhsil müəssisəsinin tədris hissəsi tərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır. Növbəti tədris ilində isə tələbələr öz fərdi tədris planını hazırlayır və iyulun 5-dən 15-dək peşə təhsili müəssisəsinin tədris hissəsinə təqdim edir.

 

AzEdu.az xəbər verir ki, bu, “Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydası”nda öz əksini tapıb.

 

Qaydaya əsasən, tələbə fərdi tədris planında sentyabrın 10-dək düzəlişlər edə bilər. Fərdi tədris planı peşə təhsili müəssisəsi tərəfindən tədris ilinin başlanğıcına qədər təsdiq edilir və bu tədris planının bir nüsxəsi tələbədə, bir nüsxəsi isə peşə təhsili müəssisəsinin müəyyən etdiyi qurumda saxlanılır. Tələbənin fərdi tədris planında sonradan dəyişiklik edilməsinə icazə verilmir. Yalnız ilk yarımilin nəticələrinə görə akademik borcu olanlar qış tətilinin ilk həftəsində növbəti yarımil üçün fərdi tədris planlarında təhsil müəssisəsi tərəfindən müəyyən olunan qaydada müvafiq düzəlişlər edə bilərlər.

 

Xatırladaq ki, “Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili qaydası” təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb. Bu qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkilini tənzimləyir.