Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-03 12:35:00
“Heç bir dəyişikliyə ehtiyac yoxdur”- Sabiq nazir elmi dərəcələrin verilməsindən DANIŞDI

 

“Əvvəllər alimlər xaricə işləməyə gedəndə onun diplomuna baxanlar “elmlər namizədi” yazıldığını görüb nə olduğunu anlamırdılar”

 

Təhsil sistemində müxtəlif yeniliklərə ehtiyac olduğunun vurğulandığı, mövcud problemlərin aradan qaldırılması üçün daim gündəmdə saxlanıldığı bir müddətdə, elmi sahədəki bir çox məsələlər dəyişməz olaraq qalır.

 

Bu istiqamətdə ən çox müzakirə olunan mövzulardan biri də elmi adların verilməsi məsələsidir. Xüsusilə son zamanlar ali təhsil sistemi və elm sahəsində zəruri olan dəyişiklərə diqqət çəkən UNEC rektoru Ədalət Muradov, bu məsələni də gündəmə gətirərək, müəyyən dəyişikliklərə ehtiyac olduğunu bildirir.

 

Bu istiqamətdə bir çox məsələyə toxunan professor, sovet dönəmində elmi dərəcələrin ikipilləli olduğunu qeyd edib: elmlər namizədi və elmlər doktoru. Rektor müstəqillik illərində “elmlər namizədi”nin “fəlsəfə doktoru” ilə əvəz edildiyini bildirərək, elmi dərəcələrin eynilə sovet dönəmində olduğu kimi, ikipilləli olaraq qaldığını xatırladıb.

 

Bir sıra elm və təhsil nümayəndələri də məsələyə münasibət bildirərək müxtəlif yanaşmalar ortaya qoyurlar. Mövzu ilə bağlı sabiq Təhsil naziri Firudin Cəlilov isə AzEdu.az- açıqlamasında bu istiqamətdə heç bir dəyişikliyə ehtiyac olmadığını bildirib:

 

“1992-ci ildə qəbul olunan Təhsil Qanunu var və bu qanun nə tələb edirsə, elə də olmalıdır. Əvvəllər aspirantura, “elmlər namizədi” var idi, bu mərhələlərə ehtiyac yoxdur. Bütün dünyada necədir, bizdə də o şəkildə olmalıdır. Biz 1992-ci ildə “Təhsil haqqında Qanunu”u qəbul edərkən bütün bunları da ora daxil etmişik, proses artıq 30 ildir elə bu üsulla da aparılır”.

 

Sabiq nazir bu istiqamətdəki dəyişiklikləri xatırladaraq, prosesin dünyaya uyğunlaşdırılmalı olduğunu qeyd edib:

 

“Proses dünyada necə aparılırsa, ona uyğunlaşdırılmalıdır, yenidən Amerika kəşf etməyə ehtiyac yoxdur. Əvvəlki illərdə aspiratura idisə, artıq bu magistraturadır,eyni zamanda əvvəllər müxtəlif ixtisaslar üzrə elmi iş müdafiə edərək “elmlər namizədi” adını qazanırdılar, indi isə bu “fəlsəfə doktoru” ilə əvəz olunub. Həmin şəxs əgər növbəti pillədə “elmlər doktoru” adını qazanmaq istəyirsə, bu istiqamətdə fəaliyyətini davam etdirir. Bu isə normal bir prosesdir və dünyanın hər yerində belədir. Məsələn, bizdə alimlik dərəcəsi alan şəxs işləmək üçün xarici ölkələrə yollananda, onun diplomuna baxan digər tədqiqatçılar “elmlər namizədi” dərəcəsini görürdülər və nə olduğunu anlamırdılar”.

 

Son olaraq o,-“Bu mənada dünyadakı prosesə uyğunlaşmaq lazımdır”-deyə vurğulayıb.