http://azeduacademy.com/az/categories/41 http://www.position.az/ https://www.zirve.edu.az/
2022-01-12 15:06:00
”Məktəb psixoloqlarının  işə qəbul imtahanı keçirilməli və bu, DİM-ə həvalə edilməlidir”-TƏKLİF

 

 

“Psixoloqların işə qəbulu üçün bir çox mərhələlər tətbiq edilməlidir. Burada müsahibələr olmalı, konfidensiyalar yoxlanılmalıdır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təlimçi, təhsil eksperti Elnur Hacıyev deyib.

 

Belə ki, son günlər təhsil dünyasında baş verən zorakılıq halları məktəb psixoloqlarının fəaliyyətini gündəmə gətirir.

 

Təhsil eksperti Elnur Hacıyev qeyd edir ki, məktəb psixoloqlarının daha keyfiyyətli fəaliyyəti üçün bu peşə ilə bağlı işə qəbul imtahanları keçirilməlidir:

 

“Məktəb psixoloqlarının  işə qəbulunun  müsabiqə formasında  keçirilməsi hazırkı dövr üçün  yaxşı addımdır, lakin  ən yaxşı variant deyil. Hətta bunu optimal yol olaraq belə qiymətləndirmirəm. Cari vəziyyətdə bu seçimin heç bir əvəzləyicisi olmadığı üçün bu qənaətdəyəm.

 

Kimin əlində psixoloq diplomu varsa, o, heç bir meyar əsasında qiymətləndirilmədən   təhsil müəssisəsinə gəlir və bu işi yerinə yetirməyə çalışır.  Bunun nəticələri isə göz qabağındadır”.

 

Elnur Hacıyev qeyd edir ki, psixoloqların işə qəbul imtahanları DİM tərəfindən həyata keçirilməlidir:

 

“Psixoloqların işə qəbulu  üçün yeni mexanizmlərin yaradılması lazımdır. Lakin bunun nə dərəcədə effektiv olacağını demək hələ ki, çətindir. Nəzərə alaq ki, müəllimlərin işə qəbulu müsabiqəsində də qiymətləndirmə mexanizmi o qədər də ürəkaçan deyil.

 

2021 və ondan əvvəlki illərdə MİQ-də baş verən narazılıqlar hamıya məlumdur. Əlavə olaraq, Təhsil Nazirliyi yeni qiymətləndirmə mexanizmi, baza sistemi yarada bilərmi? Çünki bu, MİQ-dən olduqca fərqlənir.

 

Psixoloqların işə qəbulu üçün bir çox mərhələlər tətbiq edilməlidir. Burada müsahibələr olmalı, kompetensiyalar yoxlanılmalıdır. Düşünürəm ki, bu testlə deyil, başqa formatda olacaq. Burada olan sualların forması da başqa istiqamətdə tərtib edilməlidir. Bu özü böyük bir iş tələb edir. Problem ondan ibarətdir ki, məktəb psixoloqu lazımi səriştəyə sahib  şəxs olmalıdır. Bunun üçün də Azərbaycanda ən yaxşı imtahan keçirən  qurum Dövlət İmhatan Mərkəzidir. Nəzərə alaq ki, bir çox dövlət qurumları da işə qəbul prosesində mütəxəssis olaraq DİM-ə güvənir. Dövlət İmtahan Mərkəzi buna uyğun psixoloqların qəbulunu da həyata keçirə bilər. Burada bir məsələ qalır ki, biz hansı meyarlar üzrə psixoloqları yoxlamalıyıq. Qiymətləndirmənin məzmunu, sualların tipi yenə də Təhsil Nazirliyi tərəfindən tərtib ediləcəkdir. Burada Təhsil İnstitutunun əməkdaşlarının təcrübələrindən də yaralanmaq lazımdır. Təhsil İnstitutunun bununla məşğul olan ayrıca şöbəsi də fəaliyyət göstərir. Amma imtahanların şəffaf və peşəkar səviyyədə  hazırlanması üçün ən yaxşı  qurum DİM-dir. Təklifim budur ki, DİM  psixoloqların işə qəbulu prosesini icra etsin.

 

Onun bunu peşəkar səviyyədə yerinə yetirmək gücü var. Amma qiymətləndirmənin məzmun və meyyarları isə Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilsin”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları