https://www.zirve.edu.az/ #
2021-11-19 13:46:00
“6 saatlıq müəllimlər”in taleyinə nəhayət bir aydınlıq gətirilməlidir -Ciddi problem

 

 AzEdu.az təhsil eksperti Nadir İsrafilovun məktəblərdəki ciddi problemlərin birindən  bəhs edən yazısını təqdim edir: 

 

Müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməlidir.

 

Tez-tez izləyicilərimdən onların dərs yükü ilə bağlı şikayət xarakterli mesajlar alıram. Onu da xatırladım ki, hələ, diaqnostik qiymətləndirmənin yekunlaşması ərəfəsində yazılı mediada və sosial şəbəkələrdə Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə attestasiyanınmı, yoxsa sertifikasiyanın keçiriləcəyi barədə mübahisə doğuran ziddiyyətli fikirlər geniş yer almışdı.  Sonradan belə bir rəsmi açıqlama verildi ki, müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlı Təhsil Nazirliyində İşçi qrup yaradılıb. Həmin işçi qrupa müvafiq tapşırıqlar verilib: "Tapşırıqlardan biri də müəllimlərin hansısa formada qiymətləndirilməsi və qiymətləndirmənin nəticəsindən asılı olaraq işdə qalıb-qalmamağı məsələsinin gündəmə gətirilməsindən ibarətdir. Hazırda bu prosesin attestasiya, ya sertifikasiya formasında icra ediləcəyi tam bəlli deyi. Bu proseslə bağlı işlər həmin yaradılmış İşçi qrupuna həvalə edilib. Onların yekun təkliflərindən sonra ictimaiyyətə geniş məlumat veriləcək.

 

 

Nəhayət, "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı qüvvəyə minmiş oldu. Nazirin də bəyan etdiyi kimi "Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq yox, onları daim inkişafda saxlamaqdır. Birinci il keçməyən müəllimlər il ərzində ikinci dəfə sertifikatlaşdırmadan keçə bilərlər. Əgər pandemiya imkan versə, sertifikasiyanı keçirmək istəyirik. " Pandemiya isə hələ ki, imkan vermir…

 

Bu arada onu da xatırlatmaq yerinə düşər ki, respublika müəllimlərinin sonuncu dəfə attestasiyadan keçmələri 1994-cü ildə baş tutub. (Əmək Məcəlləsinin 67-ci və 70-ci maddəsinə görə, attestasiyadan keçməyən müəllimlərin işdən azad olunma məsələsi qanunvericiliklə tənzimlənir və müəyyən olunur. Attestasiyanın qərarları yalnız tövsiyə xarakterlidir. Onu işdə saxlayıb-saxlamamaq müəssisə rəhbərinin səlahiyyətində olan bir məsələdir. Əmək Məcəlləsinin tələblərinə görə, attestasiya nəticəsində müəllimlərin işdən azad edilməsi yolverilməzdir.)

 

Nəhayət, uzun illik bir dövr ərzində biganəlik göstərilən məsələni həll etmək istiqamətində ilk addım kimi Təhsil Nazirliyi Bakı Şəhəri üzrə təhsil İdarəsinin xidməti məktubunu əsas götürərək "Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə” (06 may, 2014-cü il, № – 526) əmr verdi.  Qərara alındı ki, "sınaq qiymətləndirilməsi müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan, zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Sınaq qiymətləndirilməsi diaqnostik xarakter daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədi ilə keçirilir”

 

"Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 nömrəli Sərəncamına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının isə orta hesabla 2 dəfə artırılması nəzərdə tutuldu. Həmin Sərəncama müvafiq olaraq Təhsil nazirinin 7 oktyabr 2016-cı il tarixli 723 №-li əmri ilə  "Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları” təsdiq olundu.

 

Qaydalara əsasən diaqhostik qiymətləndirmənin məqsədi müəllimlərin  bilik  və  bacarıq  səviyyəsinin  test  üsulu  ilə  müəyyənləşdirib  üzə çıxarılması, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü  normasının  optimallaşdırılmasının,  aylıq  vəzifə maaşlarının  artırılmasının  və  maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi, nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi kimi müəyyənləşdirildi.

 

Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur.

 

Ən başlıcası isə Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarının 2.2. maddəsinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır.

 

Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür.

 

Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda, yerli təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı ilə müəssisə rəhbəri tərəfindən digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Nazirliyin internet səhifəsində elan edilir.

 

Buna baxmayaraq qiymətləndirmənin gedışatı prosesində "Qaydalar”a zidd olaraq müxtəlif versiyalar irəli sürüldü ki, bu da bir müddət müəyyən etiraz və narazılıqlarla müşayət olundu.  Belə ki, ixtisasdan 4-6 bal toplayanlara 6, 11-15 bal toplayanlara 7-8, 16-20 bal toplayanlara 9-12, 21-30 bal toplayanlara 12-18, 31-40 bal toplayanlara 18-26 saat dərs yükü veriləcəyi, ibtidai sinif müəllimlərindən 15 baldan aşağı yığanlara isə sinif verilməyərək, ancaq yığma dərslər veriləcəyi kimi əsassız və dolaşıq açıqlamalar təhsil ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmadı, baxmayaraq ki, bu kimi ideyaların bəzilərnə müəyyən aydınlıq gətirildi, bir çoxuna isə sonradan fərqli təkziblər verildi.

 

Hesab edirəm ki, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin bundan sonra  sertifiasiyaya formasında icra ediləcəyindən asılı olmayaraq, müəllimlərin 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli, Dövlət təhsil sənədi olmayan və müsabiqədən kənar işə qəbul olunan, lakin diaqnostik qiymətləndirməyə buraxılmayan yüzlərlə müəllimin taleyinə nəhayət ki, bir aydınlıq gətirilməlidir. 6-8 saat dərs yüklü 15-20 illik təcrübəyə malik müəllimlərimiz var. Əgər, onlar həqiqqətən müəllimdirsə, onları bu dərəcədə mənəvi “terrora” məruz qoymaq olmaz. 

 

Nazir Emin Əmrullayevin də qeyd etdiyi kimi “Müəllimin heç olmasa, 18 saat dərsi olmalıdır ki, normal maaş ala bilsin. Süni şəkildə müəllimlərin dərs saatını aşağı salmaqla çox sayda müəllim işə götürməyin tərəfdarı deyilik”. Elə isə mane olan nədir…?