Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-30 13:28:00
“Qəbul imtahanında yüksək bal toplayacağımı deyəndə mənə gülürdülər”- Maksimum nəticə göstərən MƏZUN

 

II və  III qrup  üzrə  elan  olan  qəbul  imtahanının  nəticələrinə  əsasən  Bakı  məktəblərinin  iki  məzunu  maksimum  nəticə  göstərib.

 

Onlardan  biri də  Bakı  şəhər  323  nömrəli  tam  orta  məktəbin  məzunu  Aygün  Mahmudovadır. O, II  mərhələdə  396,2  bal  toplayaraq, hər  iki  mərhələnin  cəminə  görə  657  bal  toplayıb.

 

Aygün  AzEdu.az-a  açıqlamasında  buraxılış  imtahanında  topladığı  nəticənin  onu  qane  etmədiyini  bildirib:

 

“Həm  buraxılış, həm  də  qəbul  imtahanında  yüksək  nəticə  göstərdim. Amma buraxılış  imtahanında  göstərdiyim  nəticə  məni  o  qədər  də  qane  etmədi. Düşünürəm ki, o  imtahanda  potensialımı  tam  şəkildə  göstərə  bilmədim. Buraxılış  imtahanlarına  çox  stressli  bir  şəkildə  girmişdim. Çünki  məktəbdə  sinif  yoldaşlarımla  birlikdə  sənədlərlə  bağlı  poroblemimiz  yaranmışdı. Bu  səbəblə  müəyyən  çətinliklərimiz   oldu”.

 

O, əzbərçiliyi  sevmədiyini, bu  səbəblə  bəzi  fənlərdə  çətinlik  çəkdiyini  qeyd  edib:

 

“Qəbul  imtahanına  hazırlaşdığım  fənlər  arasında  ən  çox  Riyaziyyat  və  İngilis  dilini  sevirdim. Ancaq  Tarix  və  Ədəbiyyat  fənləri,  əsasən  əzbərçilik  tələb  edir, mən  isə  əzbərçiliyi  çox da  sevmirəm.Bu  səbəblə  bu  fənlərdə  nisbətən  çətinliyim  olurdu”.

 

Aygün, sualların  onun  üçün  çətin  olmadığını  vurğulayıb:

 

“Qəbul  imtahanına  girənə  kimi  toplayacağım  nəticə  mənim  üçün  gözlənilməz  idi. Ancaq  imtahan  başlayanda  sualların  o  qədər  də  çətin  olmadığını  gördüm, öhdəsindən  gələcəyimə  inanırdım”.

 

Məzunumuz   bildirib  ki, təhsilini  harada  davam  etdirəcəyinə  hələ  tam  qərar  verməyib:

 

“Təhsilimi  davam  etdirmək  üçün  hazırda  düşündüyüm  iki  universitet  var. Onlardan  biri  Prezident  yanında  Dövlət  İdarəçilik  Akademiyası, digəri  isə  Bakı  Dövlət  Universitetidir. Hələ  hansı  fakultə  və  ixtisas  olacağına  tam  qərar verməmişəm, buna  valideynlərimlə  birlikdə  qərar  verəcəm. Əsasən, hüquqşunaslıq, müəllimlik, yaxud  Dövlət  və İctimai  Münasibətlər  kimi ixtisas  və  fakultələri  düşünürəm”.

 

O, savadın  genetikaya  bağlı  olmadığını  vurğulayaraq, qəbul  imtahanlarına  hazırlaşan  abituriyentlərə  öz  tövsiyələrini  verib:

 

“Buraxılış  imtahanını  verdikdən  sonra  ixtədiyim ixtisasa  qəbul  olmaq  üçün  yeganə  şansım  qəbulda  390  balı  keçmək  idi. Bunu  nə  zaman  dilə  gətirirdimsə  ciddi  qəbul  etmir, mənə  gülürdülər , “bir  az  real  ol, bu  ki  qeyri-mümkündür” -deyirdilər. Çünki  insanlar  başqalarını  daha  çox  öz  potensialları  ilə  müqayisə  edirlər. Bütün  qəbul  imtahanlarına  hazırlaşan  abituriyentlərə  demək  istəyirəm  ki, savad  genetikadan  gəlmir.Bizim  nəsildə  ümumiyyətlə  600-ü  keçən  olmayıb. Bilik  və  savad  insanın  beyninin  həcmindən də  asılı  deyil. Çünki  beyin  daim  inkişaf  etdirilə  bilər. Uğur  qazanmaq  üçün  irəlilədikləri  zaman  qarşılarına  müxtəlif  əngəllər  çıxacaq¸mənim  də  qarşıma  çıxırdı. Ancaq  özümə  bir  şüar  götürdüm  və  həmişə  bunu  təkrar  edirdim:”Tərəqqi  qarşısıalınmazdır!” Özünüzə  hər  zaman  inanın, bütün  maneələri  aşacaqsız  və  hər  şey  yaxşı  olacaq. Abituriyentlər  daqima  öz  üzərlərində  çalışsınlar, müəllimlərin  verdiyi  tapşırıqlarla  kifayətlənməyib  əlavə   testlər  işləsinlər.  Bütün  abituriyentlərə  gələcək  həyatlarında  müvəffəqiyyətlər  arzu  edirəm”.

 

Məzunumuza  uğurlar  arzu  edirik!