Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-17 10:48:00
Yay məktəbi ilə bağlı mediatur təşkil olunub  

İyunun 17-də Bakı şəhəri 32 nömrəli tam orta məktəbdə yay məktəbi ilə bağlı mediatur təşkil olunub.

 

AzEdu.az  xəbər verir ki, mediaturun məqsədi media nümayəndələrini ilk dəfə təşkil olunan yay məktəbinin fəaliyyətinə dair görülən işlərlə daha yaxından tanış etməkdən ibarət olub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva yay məktəbinin təşkili baxımından nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. O, BŞTİ-nin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində yay məktəbinin fəaliyyət göstərdiyini nəzərə çatdırıb. İdarə müdiri bildirib ki, ümumi təhsil müəssisələrində təşkil olunan yay məktəblərində iştirak etmək istəyən şagirdlər iyunun 30-dək məktəblərdəki mövcud imkanlardan yararlana biləcəklər.

 

Media təmsilçiləri yay məktəbində təşkil olunan dərslərin gedişini izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, yay məktəbi şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.

 

Yay məktəbində ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir.

 

Xatırladaq ki, ümumi təhsil müəssisələrində yay məktəbinin təşkili ilə əlaqədar olaraq #YayMəktəbi həştəq paylaşımlarına start verilib. Belə ki, təhsil müəssisələri, şagird və müəllimlər qeyd edilən həştəqlə yay məktəbi ilə bağlı foto və videogörüntüləri sosial şəbəkələrdə paylaşırlar.