Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-04 19:55:00
Qənirə Paşayeva “İlin Gənc Müəllimi-2021” yarışmasının qalibləri ilə görüşüb - FOTOLAR  

Milli Məclisin Mədəniyyət Komitəsi, AzEdu təhsil portalı və “Gənc müəllim" şəbəkəsinin təşkilati dəstəyi ilə keçirilən “İlin gənc müəllimi-2021” yarışması qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Modern.az Tədbir Milli Məclisin Mədəniyyət Komitəsində baş tutub. Mükafatlandırılma mərasimini Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva giriş sözü ilə açıb, daha sonra müəllimlərlə həmsöhbət olub. Müəllimlər özlərinin və şagirdlərinin təhsildə əldə etdiyi uğurlar haqqında Komitə sədrinə geniş məlumat verib.

 

Qənirə Paşayeva “İlin gənc müəllimi-2021” yarışmasının təşkilində zəhməti olan hər kəsə, eləcə də, yarışmaya qatılan müəllimlərə öz təşəkkürünü çatdıraraq, belə yarışmaların ictimai fikrdə təhsilə, gənc nəslə diqqətin artmasına, gənc istedadların üzə çıxarılmasına xidmət edtiyini, özəlliklə gənc müəllimlər üçün stimul olduğunu vurğulayıb: “Cəmiyyətimiz müəllimlərimizi tanımalı, onların uğurları barədə məlumatlı olmalıdır. Cəmiyyətdə populyarlıq qazanmış bir çox insan var, lakin mənə elə gəlir, ilk sıralarda məhz müəllimlər tanınmalıdır.

 

Müəllim sadəcə bilikləri öyrədən yox, həm də həyatı, fəaliyyəti ilə örnək olan insandır.

 

Yarışmanın qalibləri olan siz dəyərli gənclərimizi ürəkdən təbrik edir, hər birinizlə tanışlıqdan çox məmnun olduğumu bildirir və hər birinizə yeni uğurlar diləyirəm!

 

Mən Elvin Səlimovun bu yarışmada qalib gəlməsinin həm rəmzi məna daşıdığını düşünür, həm də təvafüq hesab edirəm. Qalibimiz 44 günlük Vətən Müharibəsində iştirak etməsi ilə də, dərslərdəki fədakarlığı ilə də örnək müəllimlərdəndir. Elvin müəllimin timsalında Vətən Müharibəsində iştirak edən təhsil işçilərinə təşəkkür edir, şəhidlərimizə Tanrıdan rəhmət və yaralı qazilərə şəfa diləyirəm. 

 

Qarşı illərdə Qarabağda məktəblər açılacaq, bununla müəllimlərimizin də həyatında yeni səhifə açılmış olacaq. Günümüzdə təhsilin qarşısında duran ən böyük problem bölgələrdəki məktəbrlərimizdə savadlı müəllimlər sarıdan müşahidə edilən boşluqdur. Bu sahədə bizim təhsil fədailərinə ehtiyacımız var. 

 

“Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram” deyən Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi “Bizim  gələcəyimiz gənclərimizə nəyi necə öyrətməyimizdən aslıdır. 

 

Mən özüm iki müəllimin ailəsində böyümüşəm; bu sahə ilə həmişə mənəvi bağlılığım olub.

 

Müəllim zəngin həyat yaşamır, onun çox pulu olmur, amma aldığı zövq və məmnuniyyəti isə heç bir peşə sahibi əldə edə bilmir. Hazırda kəndlərə gedən müəllimlər oranın ən ziyalı və öncül şəxsiyyətlərindəndir. Bayaq da vurğuladığım kimi, müəllimlərə ictimai fikirdə də yüksək diqqət göstərilməli və mediada onların qabaqcıl fikirlərinə geniş yer ayrılmalıdır.  

 

Məktəb yalnız bilik və savad vermək üçün deyil, o, həm də layiqli vətəndaş, faydalı şəxsiyyət yetişdirməlidir. Burada müəllimin üzərinə ailə qədər böyük yük düşür. Onlar gənclərin  fərqli istiqamətdə istedadlarını üzə çıxarmalıdır.

 

“İlin gənc müəllimi” layihəsinin qaliblərini bir daha səmimi qəlbdən təbrik edirəm”!

 

Qeyd edək ki, Xətai rayonu, 27 saylı tam orta məktəbin İnformatika müəllimi, Vətən Müharibəsi iştirakçısı Elvin Zahid oğlu Səlimov ən yüksək göstərici ilə “İlin gənc müəllimi-2021” yarışmasında I yerə, Bakı şəhəri İlqar Əliyev adına 96 saylı tam orta məktəbin ibtidai sinif müəllimi  Təranə Nəcəf qızı Möhsünova  II yerə, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin kimya müəllimi Rəvan Kərim oğlu Məmmədov III yerə layiq görülüb.

 

Yüksək bal toplayaraq, ilk onluğa çıxmış digər müəllimlər isə Mələk Əzizova (Azərbaycan Britaniya Kolleci), Gülnar İsmayılova (Laçın rayon, Mişni kənd tam orta məktəbi), Gülər Bayramova (Cəlilabad şəhər, Z.Əliyeva adına 7 saylı tam orta məktəb), Aysel Babayeva (5 saylı Respublika xüsusi internat məktəbi), Babək Rzazadə (Astara şəhər 1 saylı tam orta məktəb), Nemət Rüstəmli (Ağdam rayon, 91 saylı tam orta məktəb), Aysel Alızadə (Şəmkir rayonu, Düyərli kənd 2 saylı tam orta məktəb) olub.

 

Qalib müəllimlərlə Komitədə keçirilən görüşdə “İlin gənc müəllimi-2021” yarışmasının təşkilatçılarından AzEdu.az təhsil portalının baş redaktoru Elmin Nuri və “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.

Tədbirin yekununda müəllimlərə Mədəniyyət komitəsi adından Təbrik Məktubu və qiymətli hədiyyələr təqdim olunub.