https://www.zirve.edu.az/ #
2021-05-12 17:37:00
Avstraliya alimləri: Mərcan rifləri 2050-ci ilə qədər tam yox ola bilər  

Dünya üzrə parnik qazları tullantılarının həcmi hətta cüzi miqdarda artarsa, mərcan riflərinin təqribən 94 faizi 2050-ci ilədək məhv olacaq.

 

AzEdu.az xəbər verir ki, Ceyms Kuk adına Avstraliya Universitetindən alimlər bu nəticəyə gəliblər. Onlar qlobal istiləşmənin mərcan rifləri ekosisteminə mənfi təsirinin tədqiqinə dair hesabatı təqdim ediblər.

 

Alimlərin araşdırmada istifadə etdikləri məlumatlar dünyanın 183 rif sistemində 233 rifin tədqiqi əsasında əldə olunub. Bildirilir ki, onların 49 faizi Atlantik okeanında, 39 faizi Hind okeanında və 11 faizi Sakit okeanda yerləşir. Alimlərin aşağı, orta və böyük həcmdə tullantıları nəzərə almaqla verdikləri proqnozlar göstərir ki, Yerin atmosferində parnik qazları konsentrasiyasının əhəmiyyətli dərəcədə azalması da riflərə sürətlə bərpa olmağa və böyüməyə imkan yaratmayacaq. Tədqiqatda iştirak edən Vellinqton Viktoriya Universitetindən okeanoloq Kristofer Kornuelin sözlərinə görə, növbəti illərdə parnik qazlarının təsiri az olsa belə, riflər əvvəlki sürətlə inkişaf etməyəcək, lakin tullantıların həcmi artarsa, onda mərcan riflərinin 94 faizi 2050-ci ilədək məhv olacaq.

 

Tədqiqatçıların fikrincə, bəşəriyyətin dünya üzrə parnik qazları tullantılarının həcmini azaltmaqla rif sistemlərini xilas etməsi üçün “çox kiçik zaman pəncərəsi” qalıb. Dünya okeanının suları karbon qazının miqdarı artdığından getdikcə daha isti olur. Həmçinin suların turşuluq səviyyəsi dəyişir ki, bu da mərcan riflərinin bərpasına və böyüməsinə imkan vermir. Okean sularının turşulaşmasının qarşısı təcili alınmasa, rifləri xilas etmək mümkün olmayacaq.

 

Avstraliya alimlərinin parnik qazları tullantılarının həcminin azaldılması, saxlanması və ya artırılması nəzərə alınmaqla verdikləri proqnozlar ürəkaçan deyil. Ceyms Kuk adına Avstraliya Universitetindən okeanoloq, professor Skott Smitersin sözlərinə görə, əgər tullantıların miqdarı əvvəlki səviyyədə qalarsa və ya cüzi azalarsa, dünyada bütün riflər tədricən dağılmağa başlayacaq və əsrin sonuna qədər tam yoxa çıxacaq. Bu proses mərcan rifi adalarına və sahilyanı ekosistemə, həmçinin mərcan riflərinin yaxınlığında yaşayan insanlara çox ciddi təsir göstərəcək.

 

Tədqiqatçı qrupu unikal ekosistem olan, yüzlərlə heyvanı, bitkini və mikroorqanizmləri birləşdirən rifləri xilas etmək üçün dünya birliyini təcili tədbir görməyə çağırıb.

 

AZƏRTAC