https://www.zirve.edu.az/ #
2021-05-09 14:15:00
Qələbə Gününə həsr olunmuş “dəyirmi masa”lar keçirilib  

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə  9 May - Qələbə Gününə həsr olunmuş onlayn “dəyirmi masa”lar keçirilib.

 

AzEdu.az xəbər verir ki, məqsəd uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, həlak olan soydaşlarımızın xatirəsinin ehtiramla yad olunması, Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə göstərdiyi qəhrəmanlıq, həmçinin İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun şanlı qələbəsi haqqında gənc nəsli məlumatlandırmaqdan ibarət olub.

 

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunan "dəyirmi masa"da Böyük Vətən müharibəsinin iştirakçıları və İkinci Qarabağ müharibəsinin qaziləri iştirak edib. 

 

Tədbirlərdə Sovet İttifaqı Qəhrəmanları Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov və iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanov haqqında mərkəzin dərnək üzvlərinin hazırladığı videoçarxlar və təqdimatlar nümayiş olunub. 

 

Sonda dərnək üzvləri arasında Qələbə Gününə həsr olunan bilik yarışı keçirilib.