https://www.zirve.edu.az/ #
2021-05-05 11:13:00
Xaricdə təhsil alanların nəzərinə - Bu məsələdə xüsusi diqqətli olun

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi çevrilmə yolu ilə yenidən təşkil edilmiş və publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) yaradılıb. Agentliyin əsas fəaliyyətlərindən biri xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının, yəni xarici diplomların tanınması olaraq müəyyənləşdirilib. Onun fəaliyyəti xaricdə keyfiyyətli təhsil alan şəxslərin ölkəmizdə təhsillərinə davam etməsinə və əmək bazarına daxil olmasına daha da rahat imkan yaradır.

TKTA-dan AzEdu.az-a bildirilib ki, bu məsuliyyətli fəaliyyətin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi üçün bir çox texnoloji, innovativ işlər görülüb, hüquqi baza təkmilləşdirilib. Belə ki, beynəlxalq təcrübə də nəzərə alınmaqla tanınma prosesinin təkmilləşdirilməsi və sənədləşmə tələblərinin sadələşdirilməsi məqsədilə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının yeni layihəsi hazırlanıb.
Elektron ərizə sistemi yenidən təşkil olunaraq, “Sıfır təmas” prinsipi tətbiq edilib.

 

Vətəndaşların rahatlıqla kabinetlərindən əldə edə biləcəkləri elektron arayışlar istifadəyə verilib. Ərizəçilərin diplomlarının tanınması barədə yekun qərarın daha da sürətli verilməsi üçün digər qurumlar ilə real vaxt rejimində inteqrasiyalar aparılıb. Təsadüfi deyil ki, artıq 2021-ci il ərzində ərizələrin orta icra müddəti 20 gündən də az vaxta tamamlanıb. Paralel olaraq tanınma haqqında şəhadətnamələrin tamamilə elektron qaydada verilməsi üçün texniki işlər tamamlanaraq, sənədlərin həqiqiliyinin təsdiqi üçün həm də QR yoxlama mexanizmi hazırlanıb. Sözügedən işlər tanınma prosesində vətəndaş-məmur təmasının sıfıra endirilməsi ilə yanaşı, bütün proseslərin daha şəffaf və sürətli təşkil edilməsinə dəstək olub.
Nazirlər Kabinetinin “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nin təsdiq edilməsi barədə qərarına əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə 250 manat məbləğində xidmət haqqı təsdiq edilib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi bir daha vətəndaşların diqqətinə çatdırır ki, xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir. Eləcə də bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır. Vətəndaşlardan bu kimi hallarla rasltaşdıqları halda [email protected] elektron poçt ünvanına müraciət etmələri xahiş olunur.