Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-05 10:23:00
“Yüksəliş” müsabiqəsi Bəxtiyar Aslanbəylinin təqdimatında vebinar təşkil edib

Mayın 4-də “Yüksəliş” müsabiqəsinin İşçi qrupu tərəfindən növbəti vebinar keçirilib.

AzEdu.az xəbər verir ki, vebinarda BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Dəyişikliklərin tətbiqi” mövzusunda təqdimatla çıxış edib.

Bəxtiyar Aslanbəyli müsabiqədə yarımfinala keçən iştirakçılara təbriklərini çatdırıb və onlara uğurlar arzulayıb. Müsabiqənin iştirakçıların həyatında yeni imkanlar yaratmaq baxımından uğurlu olacağına inamını ifadə edib.

BP-nin vitse-prezidenti dəyişiklik zamanı effektiv idarəetmə və liderlik, dəyişikliklərə qarşı mümkün emosiya və reaksiyalar, keçid prosesinin dinamikası və bu prosesdə liderlik davranışları barədə danışıb, bu sahədə qabaqcıl təcrübələrin xülasəsini təqdim edib. O bildirib ki, dəyişiklik zamanı yeni mühit və fərqli vəziyyətə uyğunlaşma məcburiyyəti kollektiv arasında müəyyən fərdi emosional reaksiya və dəyişikliyə müqavimət yarada bilər. Bu mərhələdə kommunikasiya və dəyişiklik barədə məlumatlandırma işlərinin düzgün qurulmasının vacibliyini nəzərə çatdıran Bəxtiyar Aslanbəyli, eyni zamanda, keçid prosesinin müxtəlif mərhələləri və hər mərhələ üçün tövsiyə olunan liderlik davranışları barədə məlumat verib.
Qarşılıqlı müzakirə formatında aparılan vebinarda BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, vebinar müsabiqənin əyani mərhələsində iştirak edən namizədlər üçün nəzərdə tutulub və qapalı şəraitdə keçirilib.
“Yüksəliş” müsabiqəsinin İşçi qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarlar təşkil edir. Hazırda müsabiqənin əyani mərhələsi yekunlaşıb və növbəti yarımfinal mərhələsində 309 namizəd iştirak hüququ qazanıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.