Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-17 11:47:00
Mey Mask “Yeni çağırışlar”da uğur təcrübəsini bölüşüb

“Yeni çağırışlar” müzakirə proqramının növbəti qonağı yazıçı, beynəlxalq bestseller müəllifi, dünyanın ikinci ən zəngin adamı, “Space X” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın anası Mey Mask olub.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, proqramda Mey Mask həyat təcrübəsini, uğur qazanmağın yolları ilə bağlı düşüncələrini paylaşıb, davamlı öyrənmənin onun və ailəsinin uğurlarındakı rolundan söhbət açıb.
“Belə-belə işlər”in informasiya dəstəyi ilə baş tutan görüşdə uğur sirrini ailəsi və zəhmətkeşliyi ilə əlaqələndirən xanım Mask bildirib ki, övladlarının uğuruna səbəb isə onların inadkar və əzmkarlığıdır.

Görüşün yekununda proqramın ənənəvi “Yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualına Mey Mask belə cavab verib: “Siz yeni çağırışları yəqin ki qlobal miqyasda nəzərdə tutursunuz. Mən təmiz enerji və sağlam qidalanmanı, kişi və qadınların hüquqlarının bərabər şəkildə təmin olunmasını, iqlim dəyişikliyini, insanların bir-birinə qarşı mehriban və nəcib olmasını, ailə dəyərlərini qeyd edərdim. Sadalanası o qədər dəyərlər var ki, səkkiz guşəli ulduza necə sığdıracağımı bilmirəm. Amma 8 guşəni bu çağırışlarla tamamlamaq olar: Yaxşı niyyətlə görülən işin qədrini bil, nə qədər çox çalışsan bir o qədər şanslı olarsan, əsla təşəbbüsündən imtina etmə və indi başla”.

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatı “T-network”un “Facebook” səhifəsində əldə etmək olar.