https://www.zirve.edu.az/
08.01.2021 10:55
Distant təhsildən ən çox zərər çəkən ONLARDI  

 

Ötən ildən bu günə kimi dünyanı öz cənginə alan koronavirus (COVİD-19) pandemiyası bütün sahələrə mənfi təsirini göstərməkdədir. Pandemiyanın təsirinə məruz qalan önəmli sahələrdən biri də təhsildir. Pandemiyanın sürətlə yayılmasının qarşısını almaq səbəbi ilə ölkə üzrə proflaktik tədbirlər keçirilir. 2020-ci il martın 2-dən ölkə üzrə təhsil əyani formadan distant formaya keçirilib.

 

Qeyd edək ki, distant təhsil forması ən çox məktəbə ilk dəfə qədəm qoyan 1-ci sinif şagirdlərin valideyinlərini narahat edir.

 

AzEdu.az xəbər verir ki, İsmayıllı rayonunun İstisu kəndinin ibtidai sinif müəllimi Şahid Muradlı mövcud şəraitdə təhsildə yaranan problemlərdən Modern.az-a danışıb:

“Bildiyimiz kimi, bu problemlə bütün dünya qarşı-qarşıyadır. Distant təhsil forması ilə razılaşa bilməsək də, problemlər yaransa da, heç kimi qınamaq olmur. Əyani təhsil formasına qayıdan zaman ən önəmli problemlərdən biri, sinifdə nizam-intizam qaydalarını əvvəlki vəziyyətə gətirmək olacaq.

 

Distant təhsil formasında dərslərin tədris olunması xüsusilə 1-ci sinifə gedən şagirdlərdə yazı və oxu bacarıqlarına ciddi təsir göstərəcək. Yeni məktəbə gedən uşaqları məktəb, sinif ab-havasını aşılamaq müəllimlər üçün bir qədər zaman alacaq”.

Şahid Muradlı müəllim və valideynin bu məsələdə olan rolundan da söz açıb:

“Şagirdlərin dərsə ciddi yanaşması bir tərəfdən də valideyndən asılıdır. Əgər valideyn müəllimin verdiyi tapşırıqlara məsuliyyətli yanaşıb, övladının təhsilinə ciddi nəzarət etsə, yaranacaq problemlər az da olsa, aradan qalxar. Bir sözlə, şagirdin oxumasından əlavə müəllim-valideyn münasibəti ciddi qurulmalıdır”.