Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-03 17:52:00
Təhsil ekspertindən etiraz: “Filmləri ucuz və bayağı teleserialların əvəz etməsinə təəssüflənirəm”

 

 

Şou xarakterli serialların Vətən müharibəsindəki şanlı zəfər səlnaməmizi əks etdirən filmlərlə əvəz olunmasının vaxtıdır.

 

“Bəyin oğurlanması” filmində ustad aktyorumuz mərhum Səməndər Rzayevin ifasında -  "Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib” - replikası çoxlarımıza tanışdır.

 

Dünya kinomotoqrafıyasında çoxsaylı filmlər fərqli dillərdə, müxtəlif janrlarda çəkilsə də, yenə də məqsəd eynidir: insanları əyləndirmək, maarifləndirmək və onları düşünməyə sövq etmək. Filmlərə baxış müasir mədəniyyətin əsas tərkib hissəsi olub, onların qəhrəmanları isə həyata baxışımıza təsirsiz ötüşmür.
 

Düzdür, proletariatın böyük rəhbərinin bir vaxtlar böyük bir ölkənin geniş ərazisində dillər əzbərinə çevrilən "Bütün incəsənətlərdən bizim üçün ən əhəmiyyətlisi kinodur” məşhur tezisini qəribçiliyə salsaq da, Leninə olan münasibətimizdən asılı olmayaraq, onun kino barədə bu fikri ilə razılaşmamaq, ən pis halda ədalətsizlik olardı. O da danılmaz faktdır ki, Azərbaycan kino prokatının yüksəlişi məhz həmin ideologiyanın qüvvədə olduğu dövrlərə təsadüf edib.

 

Düzdür, bir çox kinoteatrların özəlləşdirilməsi, onların bir çoxlarının mebel salonlarına, digər məişət obyektlərinə çevrilməsi mədəniyyətin bu mühüm sahəsinin nümaiş imkanlarını kifayət qədər məhdudlaşdırıb. Bununla belə, televiziyaların imkanlarının genişliyi heç kəsdə şübhə doğura bilməz.

 

Bayram deməyə adamın dili gəlməsə belə, bu iş günü hesab edilməyən günlərdə dövlət televiziyalarında “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Dəli kür” kimi klassik filmlərin nümayiş etdirilməsi əhval-ruhiyyəmizi nə yüksəltdisə, bəzi özəl kanalların  adlarını belə dilə gətirməyi özümə sıxışdırmadığım şou xarakterli təqdimatları sözün bütün mənalarında kefimizə bir o qədər soğan doğramış oldu. Belə də Sergey Kapitsa ilə necə razılaşmayasan ki, “Televiziya bulka sexi deyil ki, özəl olsun”.

 

Etiraf etməliyəm ki, uşaqlıq illərindən kinoya yaranan marağım bu gün də sönməyib. Baxdığım filmlərin sayı-hesabı itib. Yüzlərlə sevilən filmlər arasında seçim aparmaq mənim üçün çətindir.


Azərbaycan filmləri arasında ilk növbədə dəfələrlə baxdığım və bu gün də baxmaqdan yorulmadığım, rejissor Həbib İsmayılovun 1962-ci ildə ekranlaşdırmış olduğu, Ələsgər Ələkbərov, Həsən Məmmədov, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov kimi ustad aktyorların yer aldığı, kənd təsərrüfatı sahəsində gedən dəyişikliklərdən, işıqlı gələcəyə ümid bəsləyən sadə kənd adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılan "Böyük dayaq” tammetrajlı bədii filmidir. Baxmayaraq ki, bu filmə ideoloji rəng qatanlar da az olmayıb. Halbuki, “işıqlı gələcək uğrunda mübarizə” heç bir siyasi ideologiya tanımır.
 
"Oskar" da daxil olmaqla, onlarla mükafata layiq görülən keçmiş sovet filmi:"Mosfilm” istehsalı olan, 1980-ci ildə efirə çıxar-çıxmaz fantastik uğur qazanan Aleksey Batalovun baş rol aldığı, 50-ci illər paytaxt mühitində yataqxana həyatından bəhs edən "Moskva göz yaşlarına inanmır” sevdiyim filmlərdəndir. Dillər əzbəri olan "Aleksandra” mahnısı isə bu filmə geniş izləyici kütləsi qazandırıb.
 
Türkiyə istehsalı olan mənə ən güclü emosional təsir göstərən filmlər içərisində 2005-ci ildə çəkilmiş "Çağan Irmak” istehsalı olan, Türkiyədə kifayət qədər marağa səbəb olan "Babam və oğlum” və real hadisələr əsasında 2009-cu ildə çəkilmiş, Riçard Girin baş rol aldığı Britaniya-Amerika melodramı olan "Hatiko” filmləridir.
 
Məşhur bəstəkarın həyatından bəhs edən "Miloş Formanın 1984-cü ildə çəkdiyi, ABŞ, Fransa və Çexoslovakiyanın birgə istehsalı olan, dahi bəstəkar, musiqi dühası Volfqanq Amadey Motsartın qəribəliklərlə müşayiət olunan və müəmmalı ölümü ilə nəticələnən həyatından bəhs edən "Amadey” filminə baxarkən,  film boyu insan ecazkar "ilahi musiqi”nin təsirindən ayrıla bilmir. Çalışın,  heç olmasa evdə qaldığınız pandemiya dövründə bu filmlərə baxın və müasir seriallarla onları müqayisə edin. Mən isə öz növbəmdə bu kimi kinofilimləri ucuz və bayağı teleserialların əvəz etməsinə təəssüflənirəm...

 

Bazar iqtisadiyyatının bütün ziddiyyət və məhdudiyyətlərinə baxmayaraq, kinoya münasibətimiz dəyişməlidir.Mədəniyyət və incəsənətin ən əhəmiyyətlsin bazar tələblərinə tabe etməməliyik. Heç olmasa mənəvi dəyərlərimizin aşınmaması, gələcək nəslin sağlam ruhda tərbiyə olunması üçün…

 

Nadir İsrafilov

AR Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini