https://www.zirve.edu.az/
04.12.2020 13:40
İlk müəllim, ilk sevgi...

axşı müəllim olmaq üçün özündən başlamalısan

 

 

Müəllim ömrü hər ömürdən uludur,

Ləkə nədir, qara nədir bilməz o.

Müəllim ömrü sabahların yoludur,

Nə çəkiyə, nə ölçüyə gəlməz o.

 

Söhbət açacağımız ömür 1960-cı ildən start götürən uzun bir yoldur. Zarafat deyil, ötən əsrdən başlayıb bu yol. Qafandan başlayan ömür yolu hazırda Bakıda davam edir. Ziyalı ailəsində doğulub böyüyən bir müəllimdən danışacağıq. Ziyalı kimi böyüdülüb - sevgi və zəhmətlə. Hər ikisinin nə olduğunu yaxşı bilir. Ona görə də həyatında zəhmət də var, sevgi də.

 

60-da başlayıb 60 ildi davam edən ömür

 

Sözünü etdiyimiz ömrün sahibi 286 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sərvinaz Abbasovadır. 1960-cı ilin soyuq dekabrında doğulmuşdu, Zəfərin hərarəti yüksəltdiyi 2020-ci ilin yağışlı-yağmurlu dekabrında 60-nı qeyd edəcək. Qələbə soraqlı bu günlərdə yubiley qeyd etməyin sevinci də başqadır təbii.

 

60-cı ildə başlayan 60 ildir davam edən bu ömrün 40 ili müəllimliyə aiddir. Təsadüfi deyil ki, yaşadığı müəllim ömrü ilə qürurlanır. Niyə də qürurlanmasın?! Düz 40 ildir müəllimdir. Müəllimlik onun işindən çox həyatının bir parçasına, hətta əsas parçasına çevrilib. Özünü ancaq müəllim kimi təsəvvür edir. Əlindən tutub işarə, kəlmə öyrətdiyi uşaqlar ilk cümlələrini onunla qurub. Sevgisi ilə isitdiyi  körpə qəlblər böyüdükcə ona olan sevgiləri də böyüyüb. Sevgi verib, sevgi qazanıb. Biri mühəndis, o biri iş adamı, üçüncüsü həkim olaraq günlərin bir günündə qarşısına çıxanda hiss edib gördüyü işin dəyərini, qazandığı sevginin miqyasını. İllər öncə başını sığalladığı körpələr, budur, böyüyüblər. İndi onlar çox dəyişib, tanımaq çətindir. Qollarını açıb üstünə gələn böyük əlləri, geniş sinəsi, enli kürəyi olan insanlar ona “Şagirdinəm” deyəndə gözlərinə  inanmayıb. İlk müəllimini qucaqlayan o insanların həyatında hansı rolu oynadığı ağlına da gəlməyib. Ancaq birdən xatırlayıb, axı o, müəllimdir! İlk müəllimi, ilk sevgini unutmaq asandırmı?

 

Ana qucağından ilk dəfə ayrılıb məhz onun ətəyindən yapışan körpə əlləri ilk o tutub. İlk müəllim, ikinci ana olub. Gördüyü işdən zövq alıb. Özündən də razıdı, şagirdlərindən də. Deyir, əvvəlcə özü razı qalıb, sonra başqaları. Daim təqdir edilib, qiymətləndirilib, mükafatlandırılıb.

 

Bu da bir sınaqdı

 

Sərvinaz müəllimin ömrünə çox sınaqlar yazılıb. Hər sınaqdan üzüağ çıxıb. Növbəti sınağı da pandemiyadır. Onu uşaqlarından ayrı salıb. Əli əllərinə dəyməsə də, o məsum gözləri hər gün görür. İndi də ürəyinin aynasıyla ötürür sevgisini. Yəni, şagirdlərinin əlini tutmadan da sevgi verə bilir onlara. Şagirdləri də alır, ala biləcəyi qədər.

 

Onlayn dərslərin ən çox ibtidai siniflər üçün çətin olduğunu deyir hamı. Ana uşaqlarına telefon ekranından hərf, o hərfi söylərkən çıxan səsi anlatmaq heç də asan gəlmir çoxuna. Amma 40 ilin müəllimi üçün heç nə çətin deyil: “Şagirdlərim ikinci sinifdədir. Bu il yeni şagirdim gəldi. Sinfə yenicə qatılmışdı ki, dərslərimiz “Teams” platformasına keçdi. Dərslərimizə yalnız o qatıla bilmir. Mən də onunla “Whatsapp” vasitəsilə məşğul oluram. Tapşırıqlarımı verir, cavablarımı alıram. Hər hansı çətinliyimiz yoxdur. Uşaqlarımdan aldığım nəticələrdən mən də razıyam, valideynlər də. Şagirdlərim onlayn dərslərdə çox fəaldır. Başqa müəllimləri deyə bilmərəm, mən şagirdlərimin nəticələri baxımından ənənəvi dərslə onlayn dərs arasında fərq görmürəm. Hətta deyərdim ki, onlayn dərslərin ənənəvi dərslərdən üstünlüyü daha çoxdur. Uşaqlar internetdən istifadə etməyi öyrənir, elə məlumatlar toplayıb göndərirlər ki, həm təəccüblənir, həm də sevinirəm”.

 

Yaxşı müəllim olmağın sirri

 

Sərvinaz müəllim Pedaqoji İnstitutu bitirib müəllimlikdə addımlamağa başlayalı çox oldu. Uğur dalınca uğur qazandı. Necə deyərlər, əkdiyi ağacların indi sayı-hesabı yoxdur. Deyir ki, müəllim olmaq üçün çox yol qət etmək yetərli deyil. Yolu necə getdiyin daha önəmlidir. Yaxşı müəllim olmaq üçün özündən başlamalısan. Birmənalı olaraq öz üzərində çox, lap çox işləməlisən. Daim inkişaf eləməlisən. Yeniliklərdən vaxtında xəbər tutmalısan.

 

Vətənpərvər olmalısan ki, bu hissi yetişməkdə olan nəslə ötürə biləsən. Hərfi tanıyıb vətənini tanımayandan şəxsiyyətmi olar?

 

Adını deyib, sözünü deməyəndən insanmı olar?

 

Müəllimliyin ən önəmli qaydalarından biri də sonsuz sevgidir. Uşaqlara sevgi olmadan müəllimlik olmaz. Yaxşı müəllim olmaq üçün uşaqları sevməyi, onlara qayğı göstərməyi bacarmaq lazımdır. Sevsə, mütləq seviləcək müəllim.

 

Bu peşənin ən böyük tələbi isə səbrdir. Səbr olmadan müəllimlik də olmaz.

 

Uzun sözün qısası:

 

Ömrü ömürlərə paylanan paydı,

Safdı, müqəddəsdi müəllim ömrü

 

Ömürlərə payladığınız ömrünüz uzun olsun, Sərvinaz müəllim! Ömrünüz də o tükənməz sevginiz kimi paylaşdıqca çoxalsın!

 

Ruhiyyə DAŞSALAHLI/Azərbaycan müəllimi