Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-29 10:19:00
Bakı Ali Neft Məktəbi - Doqquz il

Bakı Ali Neft Məktəbi (BANM) doqquz ildir fəaliyyət göstərir.


AzEdu.az xəbər verir ki, Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb.

 

BANM Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında ingilis dilində təhsil almış yüksək ixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib.

 

2012-ci ilin fevralında Bakı Ali Neft Məktəbinin Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 2012-ci ilin mayında isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Ali Məktəbə kadr hazırlığına xüsusi razılıq (lisenziya) verilib.

 

2012-ci ilin aprel ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Elmar Qasımov Bakı Ali Neft Məktəbinin rektoru vəzifəsinə təyin edilib.

 

BANM-də “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə bakalavr, “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Biznesin idarə edilməsi” (MBA) ixtisasları üzrə magistr pilləsi üzrə qəbul həyata keçirlir.

 

Bakı Ali Neft Məktəbi dünyanın bir çox nüfuzlu universitetlərilə əməkdaşlıq edir, həmin universitetlərlə tələbə və müəllim mübadilə proqramlarını həyata keçirir

 

Bu gün BANM ölkədə peşəkar mühəndislərin hazırlanmasında SOCAR, BP, ABB, “Emerson”, “Schneider” “Electric”, “Maire Tecnimont”, “Halliburton”, “Microsoft”, “Schlumberger”, “Statoil”, “Total”, DAAD, “Avandsis Group” kimi ən qabaqcıl şirkətlərlə əməkdaşlıq edir ki, bu da BANM-in məzunlarının gələcəkdə beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə imkan yaradır.

 

BANM Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri içərisində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (Ekologiya idarəetmə sistemləri), OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri) və ISO 10002 (Müştəri məmnuniyyəti – şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər) sertifikatlarını almış yeganə ali təhsil müəssisəsidir.