Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-20 13:23:00
Təhsil Nazirliyi və Avropa İttifaqının birgə həyata keçirdiyi layihənin konfransı keçirilib - FOTO

Oktyabrın 20-də Avropa İttifaqı (Aİ) ilə birgə icra olunan, təhsil və təlim sisteminin keyfiyyətini artırmaq məqsədinə xidmət edən “Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin İcrasına Dəstək” (MKÇ) layihəsinin onlayn formatda yekun konfransı keçirilib.

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, tədbirdə Təhsil naziri Emin  Əmrullayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev,  Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Texniki yardım qrupunun rəhbəri Trevor Kuk, baş ekspert İlkin Nəzərov və digər şəxslər iştirak ediblər.

 

Təhsil naziri Emin Əmrullayev konfransı giriş sözü ilə açaraq, Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda apardığı uğurlu əməliyyatları qeyd edib. Nazir təəssüf hissi ilə Ermənistanın təcavüzü nəticəsində məktəblilərin həlak olduğunu və yaralandığını, məktəblərin mütəmadi atəşə məruz qaldığını bildirib. Təhsil naziri hərbi vəziyyət rejimi, eləcə də “COVİD 19” pandemiyasının məhdudiyyətləri çərçivəsində təhsilin təşkili və təhsil sisteminin qarşısında duran vəzifələrdən danışıb.

 

Nazir daha sonra iqtisadiyyatın inkişafı və diversifikasiyası baxımından səriştə əsaslı kadr hazırlığı prosesində işəgötürənlərlə təhsilverənlər arasında əməkdaşlığın möhkəmləndirilməsinin, peşə təhsilinə diqqətin artırılmasının, qeyri-formal və informal təhsilin tanınmasının əhəmiyyətindən bəhs edib.

 

Emin Əmrullayev son illərdə Təhsil Nazirliyinin Təhsil İnstitutu ilə birlikdə həyata keçirdiyi səriştə əsaslı və bacarıqların inkişafına hədəflənmiş “Peşə təmayül siniflər” və “STEAM” layihələri barədə danışıb.

 

 Təhsil naziri ölkəmizdə MKÇ-nin geniş şəkildə icrasını təmin etmək məqsədilə sözügedən layihə çərçivəsində müvafiq hüquqi-normativ-institusional bazanın yaradılması, qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması, səriştə əsaslı peşələr üzrə pilot təlimlərin keçirilməsi, müvafiq tədris resurslarının hazırlanması və keyfiyyətin təminatı sahəsində aparılmış işləri yüksək qiymətləndirib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun zəfər yürüşünün ölkədə ümumxalq Qələbə əhval-ruhiyyəsi yaratdığını vurğulayıb. Nazir Ermənistanın mülki əhaliyə qarşı terror həyata keçirməklə beynəlxalq humanitar normaları kobud şəkildə pozduğunu da qeyd edib.

 

O, çıxışında bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatının dinamik inkişafına, habelə iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun yeni dəyər yaradan sahələrinin tərəqqisinə nail olunub. Bu proseslər əmək bazarında rəqabətqabiliyyətli və yüksək ixtisaslı kadrlara olan tələbatı artırır və bununla əlaqədar peşə təhsili və təlimi sisteminin bu tələbata uyğun qurulmasının vacibliyini şərtləndirir. Nazir bildirib ki, əmək bazarında aparılmış sorğu əsasında iqtisadiyyatın prioritet sahələri üzrə 300 peşə və kvalifikasiya standartı hazırlanıb. Bu ilin sonunadək həmin standartlar təsdiqlənərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlər portalı üzərindən fəaliyyət göstərəcək “Peşə və Kvalifikasiya standartlarının Reyestri”ndə yerləşdiriləcək.

 

Sahil Babayev  deyib ki, peşə və kvalifikasiya standartlarının tətbiqi təhsil proqramlarının dəyişən əmək bazarının tələblərinə uyğunlaşdırılmasında əsas rola malikdir. Növbəti il daha 350 peşə və kvalifikasiya standartının hazırlanması üçün artıq müvafiq işlərə başlanılıb. Həmçinin nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin 4 Regional Peşə Təhsili  Mərkəzinin olduğunu və onların sayının 2030-cu ilədək 10-a çatdırılacağını bildirib.

 

Nazir “Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin icrasına dəstək” layihəsi çərçivəsində görülmüş işlərin əmək bazarı və təhsil sistemi üçün əhəmiyyətini diqqətə çatdırıb. Nazirliyin mütəxəssislərinin də yaxından iştirak etdiyi layihə üzrə 24 peşə və 24 kvalifikasiya standartının, müvafiq olaraq kurikulumların hazırlandığını deyib. Sahil Babayev layihədə əməyi olan bütün iştirakçılara təşəkkürünü bildirib.

 

 Avropa İttifaqı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxışında sürətlə inkişaf edən cəmiyyətdə ömürboyu təhsilə çıxış imkanlarının çevik, alternativ yollar, qeyri-formal və informal təhsilin tanınması yolu ilə yaxşılaşdırılması üçün böyük tələbatın olduğunu bildirib.  Avropa İttifaqının Azərbaycanda tələbəyönümlü və səriştə əsaslı təhsil sisteminin Avropa  İttifaqı standartlarına yaxınlaşdırılmasını dəstəklədiyini vurğulayıb. K.Yankauskas layihənin fəaliyyətlərinin Milli Kvalifikasiyalar Çərçivəsində nəzərdə tutulan məqsədlərin-təhsilalanlar, işəgötürənlər və təhsil təminatçıları üçün asan qavranılması, kvalifikasiyalara etimadın gücləndirilməsi, əvvəlki təhsilin tanınması və kreditlərin köçürülməsi yolu ilə  ömürboyu təhsilin dəstəklənməsi kimi məqsədləri əhatə etdiyini deyib.

 

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov layihə çərçivəsində keçirilmiş pilot layihələrin nəticələrinə dair çıxış edib, layihənin texniki yardım qrupunun rəhbəri Trevor Kuk və layihənin baş eksperti İlkin Nəzərov layihə fəaliyyətləri və əldə olunmuş nəticələr, qanunvericilik, institusional tərəfdaşlıq və maraqlı tərəflərin cəlb olunması fəaliyyəti ilə bağlı təqdimat ediblər.

 

Konfransın sonunda Təhsil naziri Emin Əmrullayev layihədə əməyi olanlara, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə, beynəlxalq ekspertlərə təşəkkürünü bildirib.