https://www.zirve.edu.az/
22.09.2020 16:29
Mehriban Əliyeva Şağan qəsəbəsindəki bağçanın açılışında iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 22-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 212 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib.

 

AzEdu.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevaya yeni tikilən bina barədə məlumat verildi.

 

Bildirildi ki, 212 saylı uşaq bağçasının yerləşdiyi bina 1940-cı ildən fəaliyyət göstərib. 2019-cu ilin sonlarından 2020-ci ilin avqustunadək Heydər Əliyev Fondu tərəfindən ərazidə uşaq bağçası üçün yeni binanın inşası həyata keçirilib.

 

Qeyd olundu ki, iki mərtəbədən ibarət bağça 100 yerlikdir, burada 4 qrup fəaliyyət göstərir. Bağçada körpələr, orta, böyük və məktəbə hazırlıq qrupları üçün yataq otaqları, uşaqların asudə vaxtlarını keçirmələri üçün oyun otaqları, bufet, yemək otağı var.

 

Bağçada akt və idman zalları, uşaqların istirahəti və əyləncəsi üçün yaşıl terras, futbol, basketbol sahəsi, balacaların fiziki hazırlığı üçün skaladrom sahəsi, təbiət ilə ünsiyyət üçün əkin sahəsi, uşaqların inkişafının təmin olunması üçün yaradıcılıq otağı da mövcuddur. Binada, həmçinin müəllimlər üçün iş və metodiki otaqlar da yaradılıb.

 

Qeyd edək ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə diqqət və qayğı göstərilir. Ölkəmizdə müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Heydər Əliyev Fondu xüsusi töhfələr verir. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.