Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-02 12:00:00
Azərbaycanlı yazıçının kitabı Amerikada qızıl medala layiq görüldü

AzEdu.az xəbər verir ki, yazıçı Rövşən Abdullaoğlunun “Relslər üzərinə uzanmış adam” romanı Amerikanın “Readers favorite” kitab müsabiqəsində qızıl medala layiq görülüb. Bu barədə yazıçı öz facebook hesabında geniş məlumat verib. Həmin yazını olduğunu kimi çatdırırıq:

“Dostlar, çoxdan gözlədiyimiz bir xəbəri bu gün aldıq, nəhayət. İndiyədək qazandığımız bütün uğurların fövqündə olan bir nailiyyətdir. Bütün çağdaş Azərbaycan ədəbiyyatı adına gözəl bir hadisədir. Amerikanın “Readers Favorite” beynəlxalq kitab müsabiqəsindən cavab gəldi: ˝Relslər üzərinə uzanmış adam˝ romanı birinci yerə çıxaraq qızıl medalla təltif olunub!!! Çox möhtəşəm və sevindirici xəbərdir.

Bu müsabiqə ədəbiyyat sahəsində böyük çəkisi olan, faktiki olaraq ən böyük mükafat fondlarından birinə sahib (ümumilikdə 95 000 USD) beynəlxalq yarışmadır. Nəticələr Amerikanın nəhəng nəşriyyatları, film istehsalçıları və mətbuat orqanları tərəfindən izlənilir və yayımlanır. Qaliblərin kimliyi premial press-reliz vasitəsilə bloqerlərdən, jurnalistlərdən, naşirlərdən, kitab sektorunda fəaliyyət göstərən müxtəlif peşə sahiblərindən ibarət 250 000 abunəçiyə çatdırır. Məlumat həmçinin yeniliklərə abunə olmuş 35 000 jurnalistə (buraya “Assosiated Press”, 3 milyon tirajla buraxılan “US Today” kimi aparıcı mətbuat orqanları da daxildir), Yahoo, Google kimi axtarış saytlarına, Facebook və Twitter sosial şəbəkələrinə də göndərilir. “Publishers Weekly” iki buraxılışında bu müsabiqənin nəticələrini işıqlandıraraq 100 000 kitab sektoru mütəxəssisini qaliblərlə tanış edir.

“Readers Favorite”in açıqlamasına görə, bu il konkurs ötən illərlə müqayisədə həddən çox yüksək olub. Məlumat üçün deyim ki, bir çox nominasiyalarda ümumiyyətlə heç kimə medal verilməyib. Çünki yarışın qaydalarına görə medal qazanmaq üçün əsər mütləq yüksək meyarlara uyğun olmalıdır. Bu cür ağır şərtlərlə yarışaraq birbaşa qızıl medal qazanmaq – yüksək nəticədir!

Medalla təltif olunma mərasimi bu il pandemiyaya görə 2021-ci ilin sentyabrına qədər təxirə salındı. Gələn il Mayamiyə təltif olunma mərasiminə dəvət almışam. Məni dəstəkləyən, uğurlarımıza sevinən bütün dostlara təşəkkürümü bildirirəm. Bu yarışda qalib olmuş ilk azərbaycanlı yazıçı olmaq böyük şərəfdir. Vətənimin adını duyurmaqdan həqiqətən böyük qürur duyuram. Bu da qalibiyyət sertifikatımız: