Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-05 19:10:00
Bərdədə fəaliyyət göstərən məcburi köçkün müəllimlər üçün onlayn təlim keçirilib  

“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyi Bərdə rayonunda fəaliyyət göstərən məcburi köçkün rayonların məktəblərində çalışan müəllimlər üçün onlayn təlim təşkil edib.

 

Bu barədə AzEdu.az-a məlumat verən Təşkilatın sədri Gülsarə Həsənovanın sözlərinə görə, təlim  “Pandemiya dövründə məcburi köçkün məktəblərində onlayn təhsilə dəstək” layihəsi çərçivəsində keçirilib: “Təlimdə Bərdə rayonunda məcburi köçkünlər üçün inşa edilən qəsəbədə fəaliyyət göstərən Ağdam rayonu 11, 12, 95 saylı, Laçın rayonu 24 saylı  və Kəlbəcər rayon 79 və 92 saylı tam orta məktəblərdə çalışan 25 müəllim iştirak edib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Təhsil Nazirliyi ilə əməkdaşlıqla icra olunan layihənin məqsədi məcburi köçkün məktəblərində çalışan müəllimlər və təhsil alan şagirdlərin “Microsoft Teams” proqramından və digər onlayn tədris resurslarından  istifadə bacarıqlarının artırılması ilə COVID-19 pandemiyasının təhsil sahəsində yaratdığı problemlərin həllinə ictimai dəstək  verməkdir".

 

G.Həsənova bildirib ki, təlim  “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi Baş təlimçisi Xalid Çəndirli tərəfindən aparılıb: ““Microsoft Teams” proqramı üzərindən təşkil olunan təlim zamanı iştirakçılara virtual məktəblə bağlı həm nəzəri biliklər verilib, həm də proqramdan istifadə zamanı qarşıya çıxan problemlərin izahı göstərilib. Həmçinin,  təlim zamanı iştirakçılara “Microsoft Teams” proqramından istifadə imkanları, “Microsoft Teams” proqramının mobil versiyasının imkanları, “Microsoft Teams” proqramı vasitəsi ilə görüntülü və audio dərslərin keçirilməsi, onlayn test tapşırıqlarının hazırlanması, yoxlanılması, onlayn sinif iclaslarının və digər tədbirlərin keçirilməsi, o cümlədən müəllimlər üçün gündəlik dərs prosesində lazım olan digər məsələləri izah edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qarşıdakı müddətdə də təlim iştirakçılarına proqramdan istifadə zamanı qarşılaşdıqları problemlərlə bağlı layihənin işçi heyəti tərəfindən konsultasiya xidməti göstəriləcək”.