Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-31 10:40:00
“EduHack” hakatonuna 24 yerli və 21 xarici universitetdən müraciət daxil olub

UNEC, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və “Next Step” İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “EduHack” hakatonu keçiriləcək.

 

Ölkədə ilk dəfə təhsil istiqamətində keçirilən hakatonun əsas məqsədi distant təhsildə qarşıya çıxan məsələlərin innovativ yolla həllini tapmaqdır. 

 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, Hakatonun mövzusu Azərbaycan universitetləri ilə yanaşı, həm də xaricdəki nüfuzlu universitetlərin tələbə və məzunlarının da diqqətini çəkib. Hakatonda iştirak etmək üçün Azərbaycanın 24 universiteti ilə yanaşı, 11 xarici ölkənin 21 universitetindən ümumilikdə 283 müraciət daxil olub. ABŞ-ın Hyuston Universiteti, Keksom İnstitutu nəzdində Minerva məktəbi,  Kanadanın Toronto Universiteti, Birləşmiş Krallığın Edinburq Universiteti, Qlazqo Universiteti, Lancaster Universiteti, Türkiyənin Orta Doğu Tekniki Universiteti, Yıldız Texniki Universiteti, Sabancı Universiteti, Sakarya Universiteti, Özyeğin Universiteti, Ukraynanın Kiyev Politexnik Universiteti, Niderlandın Eindhoven Texnologiya Universiteti, Macarıstanın Korvinus Universiteti, Budapeşt Biznes Məktəbi, Szeged Universiteti, Estoniyanın Tallin Texniki Universiteti, Polşanın Varşava Universtiteti, Vistula Universiteti, Latviyanın Riqa Texnologiya Universiteti və İsrailin “ORT İsrael” məktəblər şəbəkəsi müraciət edənlər siyahısındadır.

 

Yarışmada innovativ düşüncəli, təşəbbüskar, komanda ilə işləməyi bacaran, inkişafa meyilli gənclər iştirak edə bilərlər. İştirakçılar 3 gün ərzində (31 iyul, 1-2 avqust) öz təşəbbüsləri üzərində işləyəcəklər. Bu müddət ərzində təhsil və innovasiya sektorundan olan mentorların dəstəyi ilə ideyalarını layihə şəklinə gətirəcəklər. 

 

Mükafat fondu 6000 AZN-dir və 1-ci yerin sahibi 3000 AZN, 2-ci yer 2000 AZN, 3-cü yer isə 1000 AZN qazanacaq.