Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-24 15:39:00
Bu ölkə məktəbləri COVID-19-a görə yenidən bağladı

İngiltərə hökuməti COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimindən sonra açılmış bəzi məktəbləri yenidən bağlamaq məcburiyyətində qalıb.

 

AzEdu.az Britaniyanın “The İndependent” nəşrinə istinadən xəbər verir ki, İngiltərənin bir neçə regionunda təhsil müəssisələrində koronavirusa yoluxma halı qeydə alınıb. Bu səbəbdən bəzi məktəblər bir həftəlik fəaliyyətini dayandırıb.

 

Belə ki, Cənubi Yorkşirdəki “Outwood Academy Danum” məktəbində icma üzvlərindən birinin koronavirus testi müsbət çıxıb. Buna görə də “Outwood Academy Danum” gələn bazar ertəsinə kimi bağlı olduğunu elan edib.

 

Bundan başqa, Lids şəhərində 3 məktəbdə koronavirusa yoluxanlar olub və bu təhsil müəssisələrinin də müvəqqəti olaraq fəaliyyəti məhdudlaşdırılıb.

 

Hovinqham ibtidai məktəbinin bütün şagird və işçi heyəti 14 gün boyunca virusa görə evdə karantin şəraitində qalacaqlar.

 

Həmçinin, Bornmut və Börnlidə koronavirus halı təsdiqləndiyinə, o cümlədən Donkaster məktəbində bir müəllimin testi müsbət çıxdığına görə bu təhsil müəssisələri də yenidən qapadılıb.

 

Qeyd edək ki, İngiltərədə məktəblər iyun ayından etibarən mərhələli şəkildə və müəyyən məhdudiyyətlərlə açılmağa başlayıb.