https://www.zirve.edu.az/
06.05.2020 12:02
Pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər də müəllim işləyə biləcəklər
Çap et

Müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər də pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər.

 

AzEdu.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın təsdiq edilməsi haqqında qərarında öz əksini tapıb.

 

Qərarda qeyd olunur ki, pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin yalnız bu Qaydanın əlavəsi ilə müəyyən edilən ümumtəhsil fənlərinin tədrisi üzrə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ var.

 

Pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilən müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri nazirlik tərəfindən müəyyənləşdirilir və bu barədə qurumun rəsmi internet səhifəsində məlumat yerləşdirilir. Təlim kurslarını başa vuran şəxslərə nazirlik tərəfindən sertifikat verilir.