https://www.zirve.edu.az/
09.04.2020 15:48
“Virusa görə qayıda bilməyən soydaşlarımız maddi sıxıntı yaşayırlar”- Fransadakı tələbəmiz
Çap et

 

 

“Virus Fransada sürətlə yayıldığına görə Azərbaycana qayıtmaq istədik. Konsulluq tərəfindən ölkəyə dönmək istəyən azərbaycanlı tələbələrin siyahısı yığıldı. Ancaq bundan sonra bizə heç bir məlumat verilmədi. İki dəfə mən özüm də əlaqə saxladım, dedilər ki, bu məsələ ilə bağlı hər hansı informasiya əldə etdiyimiz təqdirdə sizi bilgiləndirəcəyik. Ancaq nəticədə çarter reys təşkil edilmədiyinə görə burada qalmalı olduq”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Fransanın Paris-Sorbon Universitetində “İqtisadiyyatın tətbiqi” üzrə magistr təhsili alan Fərid Şükürlü söyləyib.

 

Onun sözlərinə görə, virusun öz əhatəsini genişləndirdiyi Fransada karantin rejimi davam edir, hərəkət tamamilə məhdudlaşdırılıb:

 

“Fransada fövqəladə hal elan edilib, məktəb və universitetlərdə təhsil dayandırılıb, yalnız aptek və marketə getməyə, evin ətrafında gəzintiyə çıxmağa icazə verilir. Küçəyə icazəli şəkildə çıxa bilirik, bunun üçün isə xüsusi blank forması doldurmaq gərəklidir, çünki polis hər kəsi saxlayır, bu sənədi göstərmədiyimiz təqdirdə isə cəza tətbiq olunur.

 

Hazırda hər kəs evdədir, bacardığımız qədər insanlarla ünsiyyətdə olmamağa çalışırıq. Demək olar ki, küçədə insan yoxdur. Hər kəs qaydalara riayət edir”.

 

Həmyerlimiz Fransada maska tapmaqda çətinlik çəkdiklərini, koronavirus testinin məhdud sayda olduğunu qeyd edib:

 

 “İlk başda bir çox Avropa ölkəsində olduğu kimi Fransada da insanlarda panika yarandı, əhali mağazalara  axın edir, vitrinləri boşaldırdılar. Ancaq qıtlıq olmadı,  indi isə vəziyyət normallaşıb.

 

Apteklərdə isə fərqli olaraq tibbi ləvazimatları əldə etməkdə çətinlik çəkirik, xüsusilə maska tapmaq mümkün deyil. Hətta bu məsələ ilə bağlı Fransanın prezidenti Makron da demişdi ki, maska qıtlığına görə ancaq bu virusun simptomları olan insanlar və yaxud marketlərdə çalışan şəxslər bu vasitədən istifadə etsinlər.

 

Hazırda Fransada ciddi maska qıtlığı müşahidə olunur. Həmçinin, koronavirusu müəyyən edən test də yetərincə olmadığına görə hər kəs testdən keçə bilmir, bu səbəbdən vəziyyətimiz qeyri-müəyyəndir”.

 

Azərbaycanlı tələbə ali və orta təhsil müəssisələrində təhsil dayandırıldığına görə imtahanlarının nə vaxt və necə keçirilməsi haqqında məlumat əldə edə bilmədiklərini bildirib:

 

“Universitetlərdə tədris dayandırıldığına görə təhsilimizə onlayn şəkildə davam edirik. İmtahanların internet üzərindən – onlayn şəkildə keçirilməsi ilə bağlı universitet tərəfindən dəqiq məlumat verilməyib, çünki tələbələrin belə olduğu halda köçürmə etmələri, həmçinin internetə girişdə problem yaşamaları ilə  bağlı şübhələri var. İmtahanların onlayn şəkildə keçirilməsi təqdirdə isə bir saat ərzində test üsulu ilə etməyi düşünürlər. Ancaq iyunun ortalarında əyani şəkildə keçirmək planları da var. Hər halda hər şey virusdan asılıdır deyə hazırda gözləmə müddətindəyik”.

 

Fərid Şükürlü iş yerləri bağlandığından dolayı ölkəyə dönə bilməyən bəzi azərbaycanlı tələbələrin maddi sıxıntıda olduqlarını söyləyib:

 

“Fransada yaşayan azərbaycanlı tələbələrlə daim əlaqə saxlayırıq,  onlar da bütün günü evdə olurlar, virusdan özlərini maksimim dərəcədə qorumağa çalışırlar. Hələ ki, koronavirusa yoluxan azərbaycanlı tələbə haqqında məlumat əldə etməmişəm.

 

Bəzi azərbaycanlı tələbələr maddi durumdan çətinlik çəkirlər. Çünki, bir çoxu təhsil almaqla yanaşı, həm də işləyir. Hazırda onlar özlərini təmin edə bilsələr də, bu müddət ən çox bir ay çəkə bilər”.

 

“Fransızlarda vahimə demək olar ki, yoxdur. Dövlət tərəfindən hazırkı vəziyyət yaxşı idarə olunur, insanlar vaxtaşırı məlumatlandırılır. Buna görə də mövcud durumla bağlı  heç bir panika yaranmadı.

 

Belə proqnoz olunur ki, Fransada  virusun yayılması aprelin ortalarında öz pik nöqtəsinə çatacaq və daha sonra isə azalmağa doğru gedəcək. Sonrakı hallarda isə qadağaların nisbətən yumşaldılması gözlənilir. Ancaq ölkənin baş naziri bildirib ki, bu proses mərhələli şəkildə həyata keçiriləcək, yəni hərəkətdə məhdudiyyət tam şəkildə bərpa olunmayacaq”, - deyə Sorbon Universitetinin tələbəsi sözlərinə əlavə edib.

 

Soydaşımız hazırkı durumda özünü virusdan qorusa da, vətənə, valideynlərinin yanına qayıtmaq istədiyini qeyd edib:

 

“Mən özüm də bacardığım qədər virusdan qorunmağa çalışıram, ancaq lazım olduğunda – marketə və ya aptekə getmək üçün küçəyə çıxıram. Gənc olduğum üçün virusa yoluxma riskimin az olduğunu düşünürəm, lakin buna baxmayaraq öz ölkəmdə, valideynlərimin yanında olmağı çox istəyərdim. Ancaq gecikdim... Universitetdə tətil elan edildiyində sərhədlərin bu şəkildə tezliklə bağlanacağını və Azərbaycana qayıtmağın belə çətin olacağını düşünməzdim”.