Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-10 09:30:00
“Müəllimlər bu fənnin I qrupa  salınmasını şəxsi maraqları üçün istəyirlər”-Sərt yanaşma

Kimya fənninin I fənn blokundan çıxarılaraq, informatika ilə əvəzlənməsi təklifi sosial şəbəkələrdə birmənalı qarşılanmadı.

AzEdu.az təhsil portalında informatika müəllimləri tərəfindən irəli sürülən bu təklifin təbii ki, məntiqi əsasları da var. I fənn bloku əsasında qəbul olunan ixtisaslar əsasən dövrün tələbinə uyğun olaraq, İT istiqamətlidir.  Bu ixtisaslara yiyələnmək istəyənlərin orta məktəbdə informatika fənnini mükəmməl öyrənməsi təbii ki, vacibdir.

DİM-in  kimya fənni üzrə elmi metodiki seminarın rəhbəri, abituriyentlər üçün kimyadan metodiki vəsaitinin müəllifi  Mütəllim Abbasov isə AzEdu.az-a açıqlamasında bildirib  ki, informatika müəllimlərinin bu təklifləri şəxsi maraqdan başqa bir şey deyil:

“Bu təklifi  verən müəllimlər abituriyent axtarışında olanlardır. Onlar da istəyirlər  ki, repetitorluqla məşğul olsunlar. Özlərinə, maddi maraqlarına  sərfəli olduğuna görə belə təkliflər irəli sürürlər.

Birinci qrupda ixtisaslara diqqət edin:  bu sahələr üzrə təhsil alan mütəxəssislərin əksəriyyəti mühəndis olub, qurğu qurmalıdırlar. Mühəndis hazırladığı materialların tərkibini, kimyəvi xüsusiyyətlərini bilməsə,  onun qurduğu da heç nəyə davamlı olmayacaq. Türkiyədəki kimi 4 ballıq zəlzələyə davam gətirməyib uçub-töküləcək. Müəllimlər gərək nələrisə təklif edəndə hərtərəfli düşünsünlər.  Onda gərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ləğv olunsun. Çünki tələbə nefti, qurğuların erroziyadan müdafiəsini bilməsə,  nə iş görəcək?!  Kompüter ona nə qazandıracaq ki?!  Dənizdə hansısa qurğunun paslanmasının qarşısını informatika ilə almaq olar?! “.

Onun sözlərinə görə,  müasir dövr üçün informatika lazım olsa da, bu bilikləri şagirdlər hələ məktəbə gəlməmişdən qazanırlar. Məhz buna görə də qəbul proqramına fənnin salınması  vacib deyil:

“Birinci qrupda cəmi bir neçə ixtisas üçün informatika bilikləri vacibdir. Amma bununla belə informatikanı qəbul imtahanlarına salmaq lazım deyil. İndi 5 yaşındakı uşağın da kompüter bilikləri var. Özləri internetə qoşulub, “Youtube”-dən axtarış edib cizgi filmi tapıb baxa bilirlər. Bu fənni qəbul imtahanlarına daxil etməyin  heç bir mənası yoxdur”- deyə M. Abbasov sözlərinə əlavə edib.