https://www.zirve.edu.az/
29.01.2020 17:02
Nazirliyin təhsil işçilərini sevindirən fəaliyyəti-Kimlərin maaşı artacaq?

 

Müəllimlərdən fərqli olaraq, psixoloqların diaqnostik qiymətləndirməsindən sonra maaşlarının artmaması orta ümumtəhsil müəssisələri barədə aktual məsələlərdən biridir.

 Təhsil naziri Ceyhun Bayramov da 2019-cu ilin yekunları, 2020-ci ilin hədəflərinə həsr olunan mətbuat konfransında bu məsələyə toxunub. Nazir bildirib ki, ötən il 2700-ə yaxın psixoloqun diaqnostik qiymətləndirməsi keçirilib:

 “Hazırda Nazirlər Kabinetinə yeni qaydalar təklif edilib. Bu gün psixoloqların əməkhaqqı diaqnostik qiymətləndirmədən  keçən müəllimlərin əmək haqlarından fərqli vahid tarif cədvəli ilə müəyyənləşir. 2019-cu ildə psixoloq maaşları iki dəfədən bir qədər az artırılıb. Onların əməyinin stimullaşdırılması istiqamətində Təhsil Nazirliyi təkliflər hazırlayacaq”.

 Bəs, əmək haqqı artımı orta təhsil məssisələrində psixoloji işin təşkilinə necə təsir göstərəcək? Ümumiyyətlə, orta məktəb psixoloqlarının fəaliyyətini hansı formada stimullaşdırmaq olar?

“Müəllimlərə tətbiq olunan stimullaşdırıcı tədbirlərin psixoloqlara da aid edilməsi məqsədəuyğundur”

Mövzu ilə bağlı AzEdu.az-a danışan Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri Elxan Bəylərov bildirib ki, məktəb psixoloqlarının fəaliyyətini stimullaşdırmağın  birbaşa yolu müəllimlərə aid  qaydaların onlara da şamil edilməsidir:

“Digər tərəfdən şagird sayına düşən psixoloqların sayı müəyyənləşdirilməlidir. Təhsil müəssisələrində psixoloji işin təşkili qaydaları barədə sənəd qəbul olunaraq Nazirlər Kabinetinə  təsdiq üçün göndərilib. Orada psixoloqlar üçün bir çox stimullaşdırıcı tədbirlər nəzərdə tutulub. Onarın pullu xidmət göstərmək imkanları və s. məsələlər əksini tapıb.

Bundan əlavə, düşünürəm ki, müəllimlərə tətbiq olunan stimullaşdırıcı tədbirlərin psixoloqlara da aid edilməsi məqsədəuyğundur. Azərbaycanda  təqribən 4500 məktəb var. Bunların heç də hamısında psixoloq yoxdur.  Fərz edək ki, psixoloqların sayı 2000-2500 nəfərdir. Belə olsa, müəllimlərə tətbiq olunan həvəsləndirmələr onlara şail edilə bilər. Bu daha real variant kimi görünür”.

“Psixoloq katibə rolunu oynamamalıdır”

Təhsil eksperti Məlahət Mürşüdlü də əməkhaqqının çox vacib məsələ olduğunu vurğulayıb:

“Nazirin bu açıqlamasını çox müsbət qiymətləndirirəm. Bunu çoxdan etmək lazım idi. Psixoloq da pedaqoji heyətin bir üzvüdür. Onun işi müəllimdən də çoxdur. Bu, rəhbərlikdə təmsil edilən bir ştatdır. Türkiyə təcrübəsində  məktəb psixoloqu böyük əhəmiyyət daşıyır. Freyd deyirdi, elə bir zaman gələcək ki, xəstələr həkimə deyil, psixoloqa müraciət edəcəklər. Doğrudan da elə bir mühitin yaradılmasına doğru gedirik.

Məkəb psixoloqunun yaxşı işləməsi ilk növbədə onun öz hüquq və vəzifələrini bilməsindən asılıdır. Psixoloq katibə rolunu oynamamalıdır. Onun çox böyük vəzifələri var. Şagird, müəllim, valideyn kollektivi ilə düzgün  işləmək üçün vəzifələrini dəqiq bilməlidir.

Hazırda vəziyyət dediyimiz kimi deyil. Bu, psixoloqun öz vəzifəsini bilməməsindən irəli gəlir.  Qeyri ixtisaslara sahib kadrların 1-2 aylıq kurs keçib məktəbə gəlməsi  buna dəlalət edir.Təkmilləşdirmə kurslarının əleyhinə deyiləm, özünü inkişaf etdirərək kurslara müraciət edənlər çoxdur. Amma əksər hallada bunun baş vermədiyini görürük”.

“Əmək haqqının ödənilməsi iş stajına əsasən də tətbiq edilə bilər”

Ekspert bildirib ki, psixoloqun əmək haqqı ən yüksək maaş alan müəllim qədər olmalıdır:

“Stimullaşdırmaq üçün psixoloqlar arasında  “İlin müəllimi” formatında “İlin psixoloqu” müsabiqəsinin keçirilməsi də tövsiyə olunur. Ayrıca psixologiya sahəsində pedaqoji oxular keçirmək, mütəmadi təlim konfranslar təşkil etmək olar.

Diaqnostik qiymətləndirmə də əsas götürülə bilər. Rəhbər kadrların əməkhaqları necə artrılırsa, bu şəkildə psixoloqlara da şamil edilməlidir. Əmək haqqının ödənilməsi iş stajına əsasən də tətbiq edilə bilər.

Əməkhaqqı artımı zamanı şagirdlərin sayının nəzərə alınmasındada fayda var. 1500 – 2000 şagirdi olan məktəb mövcuddur. Bir psixoloq orada nə iş görə bilər? Ondan nəticə gözləməyə ehtiyac yoxdu. Belə məktəblərə 3-4 psixoloq lazımdır. Düşünürəm ki, ən yaxşı variat da elə şagird sayıdır. Say çox olan məktəblərə ən azı 2 psixoloq lazımdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları