Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-29 13:02:00
Müasir İnnovasiyalar Liseyinin şagirdləri Hərb Tarixi Muzeyində olublar

Bildiyimiz kimi, görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illinin tamam olması ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

Bu cür tədbirlərdən biri isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nəzdində olan Azərbaycan Hərb Tarixi Muzeyində baş tutub. Azərbaycanın hərb tarixinə  adı qızıl hərflərlə yazılmış, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun xatirəsinə həsr edilmiş tədbirdə bir çox xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri, kursantları, təhsil ocaqlarının və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxışlarla yanaşı, general-mayor Həzi Aslanovun həyat yolunu, qəhrəmanlığını  əks etdirən film nümayiş etdirilərək maarifləndirmə işləri aparılıbdır.

Tədbirə Müasir İnnovasiyalar Liseyinin rəhbərliyi, şagirdləri, müəllim kollektivi də qatılıb.

Bildiyimiz kimi,  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ölkəmiz üçün müasir düşüncəli və rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılmasında ümumi təhsilin xüsusi əhəmiyyətə malik olduğu vurğulanır. Ona görə də ümumi təhsilin  keyfiyyətinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsi daim diqqət mərkəzinə çəkilən mühüm vəzifə hesab olunur. Qlobal dünyanın məktəbin qarşısında qoyduğu vəzifələr də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsini aktuallaşdırıb. Bu mənada, Müasir İnnovasiyalar Liseyinin şagirdlərinin  həyatında dönüş rolunu oynayan, onların  vətənpərvər, cəmiyyətə yararlı şəxsiyyət kimi foralaşmasına təsir edən Hərbi Tarix Muzeyinin və muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadənin rolunu qeyd etməmək mümkün deyil. Muzeyin qapılarını hər zaman liseyin şagirdlərinə açmış, onların maariflənməsində bütün kollektivi ilə  bərabər şəxsən özü çox zəhmət çəkibdir. Şagirdlərə  nümunə olacaq tövsiyələri onların muzeyə təkrar-təkrar getmək istəmələrinə səbəb olmuşdur.

Müasir İnnovasiyalar Liseyinin  şagirdlərinə hərbi muzeyə getmək mükafat olaraq elan edilir və şagirdlər 1 ay zəhmətlə çalışaraq muzeyə ekskursiya etməyi səbrsizliklə gözləyirlər.  Onların  sevgisini qazanmış polkovnik Əzizağa Qəni-zadə   şagirdlərin” Fəxri dostu” adına layiq görülübdür. Liseyin direktoru şagirdlərin istəyilə polkovnikə təşəkkür və xatirə əlaməti olaraq plaket təqdim edib.

 Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Ulu öndərin milli şüur – vətənpərvərlik şüuru elmi yanaşması xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz nümunəyə çevrilib, vətəndaşlarımıza Vətən sevgisi aşılayıb. Dahi şəxsiyyətin fikrincə, Vətən yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, taleyi, gücü, qüdrəti, əbədi səcdəgahıdır. Bugünkü müasir, müstəqil, çiçəklənən Azərbaycan bütün varlığını, ömrünü, zəkasını öz xalqına, millətinə həsr etmiş ulu öndərimiz Heydər Əliyevin bizə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır. Liseyin kollektivi bu ülvi əmanəti qorumaq üçün cəmiyyətə  faydalı şəxsiyyət yetişdirmə istiqamətində var gücünü ortaya qoyur. Başlıca məqsəd Vətən sevgisini aşılamaqdır.

 Sevinc Əliyeva

Müasir İnnovasiyalar Liseyinin direktoru