Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-26 15:21:00
"Yalnız bu halda Almaniyada ingiliscə pulsuz təhsil almaq olar"-Ekspert

“Yalnız bu halda Almaniya universitetlərində ingilis dilində ödənişsiz təhsil almaq mümkündür”

Bu sözləri AzEdu.az-a  “Edu-Support” Almaniyada Təhsil Mərkəzinin mütəxəssisi Fidan Camalzadə bildirib.

Fidan Camalzadə Almaniyada ingilis dilində ödənişsiz təhsil almaq istəyənlərin ən çox maraqlandıran məqamlara aydınlıq gətirməyə çalışıb:

“Almaniyada həm alman, həm də ingilis dilində magistr səviyyəsində ödənişsiz təhsil almaq mümkündür. Amma bir çox tələbə  Almaniyada ingilis dilində ödənişsiz təhsil almağın mümkün olmadığını bildirir.

Almaniyada dövlət universitetlərində təhsil almaq  tamamilə pulsuzdur. Buna baxmayaraq, hər universitetdə təxmini 75-500 avro arası (adətən 200-300 avrodur) semestr ödənişləri olur. Tələbələr bu ödənişi etməklə, semestr bileti əldə edirlər. Semestr bileti vasitəsilə tələbələr universitetlərin servislərindən, ödənişsiz və ya çox ucuz nəqliyyatdan istifadə edə bilərlər. Nəzərə alsaq ki, bizlə müqayisə Almaniyada nəqliyyat xərci   dəfələrlə yüksəkdir.   

Almaniyada magistr səviyyəsinə müraciət zamanı tələb olunan ən əsas göstəricilərdən biri GPA-dir.(4 illik bakalavr səviyyəsinin ümumi qiymət ortalaması). Ümumiyyətlə, tələbənin GPA göstəricisi minimum 75 bal olmalıdır. Bu göstəricinin yüksək olması, tələbənin universitetə qəbul olma faizinin artması ilə düz mütənasibdir.

Almaniyada ingilis dilində təhsil almaq üçün  IELTS sertifikatı tələb edilir. Bu ölkənin universitetlərində təhsil almaq üçün IELTS balı minumum 6.0-6.5 olmalıdır. Amma bəzi universitetlər var ki, IELTS balı 7.0 tələb edirlər”.

Fidan Camalzadə IELTS sertifikatını Almaniya universitetlərinə təqdim etmədən də ingilis dilində təhsil almağın mümkün olduğunu vurğulayır:

“IELTS sertifikatı  təqdim etmədən də Almaniyada  təhsil almaq mümkündür. Əgər tələbələr bakalavr səviyyəsində ingilis dilində təhsil alıblarsa Almaniya universitetlərinə müraciət edə bilərlər. Amma Almaniyanın bütün universitetlərində tələbə qəbulu qaydaları eyni deyil. Elə buna görə də öncədən universitetə yazılı müraciət etmək lazımdır.

 Almaniyada təhsil almağın əsas məqamlarından biri də tələbələrin CV və “Background” dur. Tələbələrə tövsiyə edirəm ki, 4 illik bakalavr təhsil aldıqları müddətdə vaxtlarını səmərəli  keçirsinlər”.

Fidan Camalzadə tələbələrə CV-lərini zənginləşdirmək üçün aşağıda göstərilən tövsiyələrini bildirib:

“Könüllü proqramlarında iştirak edin və könüllü olun;

Universitet daxilində aktiv olun .(Gənclər təşkilatlarında fəal olun)

İxtisasınız üzrə maksimum səviyyədə  biliklərə yiyələnin;

Təcrübə proqramlarına qoşulun;

Beynəlxalq proqramlarda iştirak edin;

Onu da bildirim ki, Almaniyada ingilis dilində təhsil almağı planlayanlar  alman dilini A2-B1 səviyyəsində bilməlidirlər. Tələbələrin alman dilini bilməsi oradakı iş imkanlarından istifadə edə bilməsi üçün əlverişlidir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları