Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-17 16:09:00
 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş  anım tədbiri keçirilib.

AzEdu.az xəbər verir ki, tədbir iştirakçıları tərəfindən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov çıxışında  20 Yanvar tarixini faciə günü kimi yox,  xalqın qanla yazılan qəhrəmanlıq  salnaməsi, şərəf , milli oyanış tarixi kimi səciyyələndirib.Bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə  həm faciə, həm də qanla yazılmış şanlı  mübarizə salnaməsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib. Qanlı hadisədən 30 il keçməsinə baxmayaraq, xalqımızın o dəhşətli günlərin ağrı-acısını hələ də  unutmadığını deyən professor Natiq İbrahimov faciənin canlı şahidi  kimi baş verənlərdən real faktlar əsasında söz açıb. Qanlı hadisələrə ilk reaksiyanın həmin vaxt Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyevdən gəldiyini xüsusi vurğulayan universitet  rəsmisi H.Əliyevin faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini deyib, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə faciəyə siyasi-hüquqi qiymət verildiyini  tədbir iştirakçılarının diqqətinə çatdırıb.

N.ibrahimov faciənin 30-cu ildönümü ilə bağlı Lənkəran Dövlət Universitetində silsilə tədbirlərin keçirildiyini, kitab sərgilərinin təşkil olunduğunu ,bu gün ilk dərslərin 20 Yanvar  faciəsi qurbanlarına  həsr olunduğunu da qeyd edib.

Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Əliağa Baxşıyev  “20 Yanvar xalqımızın vətənpərvərlik hissinin qüdrətini göstərən zəfər salnaməsidir” mövzusunda geniş məruzə edib. Məruzədə 30 il öncə baş verən hadisələr bir daha nəzərdən keçirilib, 20 Yanvar faciəsinin baş vermə səbəbləri, həmin dövrdə dünyada və ölkə daxilindəki ictimai-siyasi vəziyyət təhlil olunub, xalqımızın azadlıq mübarizəsində  20 Yanvar   faciəsinin oynadığı roldan  ətraflı bəhs edilib.

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini, LDU İctimai Şurasının sədri  Sərhad Məmmədov, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan  İbrahimov 1990-cı ilin yanvarında Azərbaycanda,o cümlədən həmin vaxt qaynar nöqtələrdən olan Lənkəranda Sovet Ordusunun törətdiyi qanlı qətlyamdan danışıblar.Bildiriblər ki, 1990-cı ilin yanvar hadisələri zamanı  Lənkəran 11 şəhid verib.

Tədbir  1990-cı ilin 20 Yanvar gecəsində baş verən  qanlı hadisələri əks etdirilən videoçarxın  nümayişi ilə yekunlaşıb.