https://www.zirve.edu.az/
08.01.2020 11:45
YÖS imtahanına hazırlığın ən faydalı üsulları, uğurun sadə sirləri – Ekspert məsləhətləri
Çap et

“YÖS imtahanında yüksək nəticə göstərmək istəyənlər mütləq bunu etməlidirlər”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı YÖS müəllimi Vasif Verdiyev deyib. O,  YÖS imtahanına hazırlaşanlar üçün kurs və ya müəllim seçərkən diqqətli olmalı məqamları da vurğulayıb:

“YÖS imtahanı 2010-cu ilə qədər  Türkiyədə  ali təhsil almaq istəyən əcnəbi ölkə vətəndaşları üçün  ÖSYM (Öğrenci Seçme ve Yerleştirme Merkezi) tərəfindən  ildə bir dəfə keçirilirdi. Bu imtahanın nəticəsi bütün Türkiyədə yerləşən ali təhsil qurumlarında keçərli idi. 2011-ci ildən isə YÖS imtahanların keçirilməsi universitetlərə həvalə edildi.

Doğrudur ki, YÖS imtahanına tələbə hazırlaşdıran müəllimlərin sayı xeyli artıb. Ümumiyyətlə, bu proses təklif və tələb balansına görə formalaşır.Yəni  tələb çoxaldıqca ticari olaraq xidmət təklif edənlərin sayı da artır.  YÖS imtahanına hazırlaşdıran müəllim və kursların sayının çoxalması rəqabətlilik baxımından yaxşıdır.

 Ümumiyyətlə, istər YÖS, istər SAT, istərsə də hər hansı imtahana hazırlaşmaq üçün müəllim seçərkən müəyyən kriteriyalara diqqət etmək lazımdır.

İlk növbədə   kurs tələbələrinin imtahanda topladıqları nəticələrə diqqət edilməlidir. Həmçinin, imtahana tələbə hazırlaşdıran müəllim və kursların fəaliyyət müddəti 4 və ya 5 il olmalıdır.

Onu da bildirim ki, müəllimin təlim metodlarının dinləyici ilə uyğun olub-olmaması məsələsi nəzərdən keçirilməlidir. Yəni müəllim mövzulara tam hakim olsa da ancaq onu şagirdə çatdırmasında problem yarana bilər.

YÖS imtahanına tələbə hazırlaşdıran müəllimin Türkiyə universitetlərinin yaxşı tanıması da önəmlidir.

Həmçinin, YÖS imtahanına hazırlaşanlar hansı şəhər və ixtisas üzrə təhsil almasını da müəyyənləşdirməlidir. Bu yaxınlarda maraqlı nüansla qarşılaşmışdıq. Şagird Türkiyədə  tibb sahəsi üzrə təhsil almaq istəyib. Məsləhət almaq üçün müraciət etdiyi şəxs onun mütləq SAT imtahanı verməsini bildirib.  Daha sonra məlum olub ki, tibb sahəsi üzrə təhsil almaq üçün SAT yox YÖS imtahanından uğurla keçmək lazımdır”.

Vasif Verdiyevin sözlərinə görə,YÖS imtahanında yüksək nəticə qazanmaq  üçün hazırlıq kurslarına müraciət etmək lazımdır. O, Türkiyə və Azərbaycanın riyaziyyat proqramında  fərqli   mövzuların olduğunu vurğulayıb:    

“YÖS və ALES hazırlıq kurslarının sayı kifayət qədər çoxdur. Amma YÖS və ALES imtahanlarını qarışdırmaq olmaz. YÖS sadəcə Türkiyədə bakalavr təhsili almaq üçün lazım olan imtahandır və xarici ölkə vətəndaşları üçün keçərlidir. ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı) imtahanı isə Türkiyədə universitetlərində magistr təhsili almaq üçün nəzərdə tutulub. Bu imtahanda həm əcnəbi, həm yerli vətəndaşlar iştirak edə bilər.

ALES və ya YÖS imtahanında yüksək nəticə əldə etmək üçün hazırlıq kurslarına müraciət daha yaxşıdır. Çünki Türkiyə və Azərbaycanın riyaziyyat proqramı arasında müəyyən fərqlər var. Buna nümunə olaraq “Matris” və “Determinant” mövzularını göstərmək olar.  Eyni zamanda Azərbaycanın dərslik proqramlarında həndəsə daha çox qurma üzərində köklənib. Amma YÖS imtahanında həndəsədən təqdim olunan suallar şəkillər əsasında təşkil olunur.

Vasif Verdiyev kurs və müəllimlərə müraciət etmədən də YÖS imtahanına hazırlaşmağın üsullarından da söz açıb:

“Hazırda texnologiya əsrində yaşayırıq. “Youtube” sosial şəbəkəsinə daxil olub oradakı türk müəllimlərin izahlı videolarına baxaraq, müəyyən nəticə əldə etmək mümkündür. Eyni zamanda internet resurslarında YÖS-lə əlaqadar forumlar var ki,  burada həll edə bilmədiyiniz  sualların və ya çətinlik çəkdiyiniz mövzuların qısa izahını öyrənə bilərsiniz”. 

O, YÖS müəllimi və ya  hazırlıq kurs seçimi edərkən tələbələrin diqqətli olmalı məqamları da vurğulayıb:

“Bəzi  YÖS hazırlıq kursları yüksək potensiallı tələbələrdən təşkil olunan qrupu təcrübəli müəllimlərə həvalə edir. Təbii ki, bu proses də  müəllimlərin reklamıdır. Məsələn hazırlıq kursları tərəfindən bildirilir ki, “Bizdə 20 ildir  bu işdə təcrübəsi olan Yasin Bey dərs deyir”. Amma zəif qruplara dərs keçirilməsi təcrübəsiz və ya universitetdən yeni məzun olmuş şəxslərə tapşırılır.

Bəzi kursları YÖS üzrə türkiyəli müəllimin şagirdlərə  dərs keçdiklərini bildirirlər. Təbii ki, Türkiyə vətəndaşı YÖS proqramına azərbaycanlılara daha yaxşı bələddir. Ancaq nəzərdən qaçırmayaq ki, Türkiyədə təhsil almış və ya YÖS üzrə tədris aparmış yetərli qədər savadlı Azərbaycan vətəndaşları var.

Həmçinin nəzərdən qaçırmayaq ki, Türkiyədə yaşayan müəllimləri maaşı yüksəkdir. Eyni zamanda Türkiyədə müəllim təqaüdə çıxdıqdan sonra dövlət tərəfindən yaxşı pensiya ilə təmin  olunur”. 

Vasif Verdiyev YÖS imtahanına hazırlaşanlara tövsiyələrini də bildirib:

“YÖS imtahanına hazırlaşanlara tövsiyə edirəm ki, ilk növbədə təhsil almaq istəyəcəyi ixtisası və universiteti seçsinlər. Çünki universitetləri olduqları şəhərlərə və böyüklüyünə  görə aşağıdakı 3 qrupa bölmək olar.

I qrup-“İstanbul, Ankara, İzmir, Antalya, Bursa”;

II qrup- “Kocaeli, Sakarya, Samsun, Tekirdağ, Eskişehir, Adana, Gaziantep, Trabzon, Bolu, Çanakkale, Konya, İsparta”;

III qrup- “Erzurum, Van, Diyarbakır, Hatay, Kayseri, Malatya, Rize, Artvin, Kars, Çorum, Çankırı”.

YÖS imtahanından yüksək nəticə əldə etmək istəyənlərə tövsiyəm odur ki, özləri üçün çalışma proqramı hazırlasınlar. Maksimum şəkildə ən azı 2 və ya 3 müxtəlif nəşrdən istifadə etsinlər. Həmçinin, virtual və ya üz –üzə məsləhətləşəcəyi 1 şəxs müəyyən etsinlər.

İmtahanda daha çox “MAT 2” dən sual təqdim olunduğunu da unutmasınlar”. 

Müsahibimiz YÖS imtahanında gəncləri ən çox çaşdıran məqamları da vurğulayıb:

“Gəncləri ən çox çaşdıran məqamlardan biri YÖS imtahan müddətinin düzgün tənzimlənə bilməməsidir.   YÖS daha çox sürət imtahanıdır. Şagird mövzulara rəqiblərindən daha çox hakim olsa da amma vaxtı düzgün sərf etməməyinə görə zəif nəticə göstərə bilər. Bunun üçün hazırlıq müddətində sınaq imtahanlarında çox iştirak edilməlidir.

Həmçinin imtahan verənləri çaşdıran məqamlardan biri də İQ yoxsa  riyaziyyat suallarının cavablandırması arasında qalmasıdır.  Buna görə də ilk növbədə cavablandıra biləcəyiniz suallardan başlamaq lazımdır. Çünki bu proses həm insanda motivasiya yaradır həm də vaxtdan qazancına səbəb olur.  

“YÖS imtahanında yüksək nəticə göstərməyin sirləri...”

“YÖS imtahanına hazırlaşanlar  ilk növbədə seçdikləri universitetin əvvəlki illərdə keçirdiyi imtahan sualları ilə tanış olmalıdırlar. YÖS imtahanında yüksək nəticə göstərmək istəyənlər İQ (Məntiq) suallarını çox həll etməyə hazırlaşmalıdırlar. Onu da bildirim ki, yalnız YÖS kitablarında təqdim olunan suallar üzrə həll tapmağa çalışmaq  doğru deyil. TYT və AYT üçün nəzərdə tutulan  riyaziyyat kitablarından da istifadə edilməlidir.

İQ üçün əlavə olaraq yerli nəşrlərdən istifadə edilə də bilər. Ümumiyyətlə, yüksək nəticənin əldə olunması üçün  yalnız bir kitabdan istifadə etmək məsləhət görülmür”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları