Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-06 14:29:00
Avtomatlaşdırılmış çap həlli imtahan materiallarının təhlükəsizliyini təmin edir - DİM-dən AÇIQLAMA

"Dövlət İmtahan Mərkəzi (keçmiş TQDK) hələ 2012-ci ildən “Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi” layihəsinin tətbiqinə başlayıb. Məqsəd çap edilən imtahan materiallarının keyfiyyətini yüksəltmək, sual kitabçalarını fərdiləşdirməkdir. Yəni insan müdaxiləsi tələb etməyən, tam avtomatlaşdırılmış çap həlli vasitəsilə imtahan materiallarının təhlükəsizliyini təmin etməkdir. Bu layihə Dövlət İmtahan Mərkəzinin keçirdiyi bütün növ imtahanlarda hər bir imtahan iştirakçısı üçün tam avtomatlaşdırılmış şəkildə, imtahan zalları üzrə paketlənmiş fərdi sual kitabçalarının hazırlanmasına imkan verir". 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) TED.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Qeyd olunub ki, fərdi olaraq çap edilən sual kitabçalarının üzərində abituriyentə aid həm açıq, həm də kodlaşdırılmış bütün zəruri şəxsi məlumatlar öz əksini tapır.

"Kitabçaların fərdi məlumatları ehtiva etməsi imtahanlarda yazılı tapşırıqlardan da istifadə olunmasına şərait yaradır. Belə ki, bu tapşırıqlar sonradan yoxlanarkən kodlaşdırılmış fərdi məlumatlar sayəsində yazı işinin kimə məxsus olduğunu təyin etmək mümkün olmur və bu da şəffaflıq baxımından daha əhəmiyyətlidir. Qeyd olunan üstünlüklər göstərir ki, bu layihə imtahan prosesinin təhlükəsizliyini daha da artırır", - deyə məlumatda qeyd olunub.

Vurğulanıb ki, "Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi” hər bir imtahan iştirakçısının sual kitabçasının heç bir texniki səhv olmadan çap olunmasına və kitabçanın həmin şəxsin imtahan verəcəyi zalın zərfinə qoyulmasına təminat verir. Bu proses sual kitabçalarının hazırlandığı bütün mərhələlərdə müşahidə kameralarının nəzarəti altında həyata keçirilir.