Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-01 16:53:00
B D U-nun Qazax filialı tələbələrindən nəcib təşəbbüs

Bakı Dövlət Universiteti Qazax filialının tələbələri 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Gəncə Uşaq Evinə baş çəkib, burada təlim-tərbiyə alan uşaqlarla görüşüblər.

Uşaq evinin direktoru Nazilə İsmayılova bildirib ki, əsas vəzifəsi kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlara təhsil və təlim-tərbiyə verməkdən, cəmiyyət üçün fəal, fədakar gənclər yetişdirməkdən ibarət olan müəssisədə 3-18 yaş arası 67 uşaq yaşayır.

1997-ci ildən fəaliyyət göstərən Gəncə Uşaq Evi 2012-ci ildə əsaslı təmir olunub. İkimərtəbəli binada yataq otağı, psixoloq, həkim, kompüter, iş, istirahət otaqları, mətbəx, yeməkxana, akt və böyük idman zalları var. N.İsmayılova dövlətin diqqət və qayğısından söz açaraq, uşaq evinin 8 məzununun Abşeron rayonu Masazır qəsəbəsində inşa edilən “Məzun evi”ndə 1 otaqlı mənzillə təmin olunduğunu da deyib.

Tələbələr uşaq evindəki şəraitlə tanış olduqdan sonra müəssisənin azyaşlı sakinləri ilə görüşüblər. Balacalarla söhbət edən gənclər onların uşaq evindəki yaşayışı, təhsili ilə maraqlanıblar. Tələbələrlə səmimi söhbət edən uşaqlar istək və arzularını bölüşüb, oxuduqları kitablardan, maraq göstərdikləri oyunlardan, sevdikləri əyləncələrdən danışıblar.

Sonra uşaq evinin akt zalında tələbələr uşaqların qarşısında maraqlı əyləncəli proqramla çıxış ediblər. Şaxta baba və Qar qız uşaqları salamladıqdan sonra körpələrə kiçik səhnəciklər göstərilib. Tələbələr uşaqlarla rəqs edib, onları əyləndiriblər.

Sonda tələbələr uşaqlara bayram hədiyyələri veriblər.