https://www.zirve.edu.az/
12.12.2019 18:00
Qətərdə tarixi uğura imza atan şagirdlərimiz AzEdu.az-a danışdılar:”Bu, son şans idi”
Çap et

Dekabrın 2-dən 11-dək Qətərin paytaxtı Doha şəhərində yeniyetmələr arasında təbiət elmləri fənni üzrə dünya olimpiadası keçirilib.

Olimpiadaya qatılan məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər. Belə ki, Azərbaycan komandasının tərkibinə daxil olan 6 iştirakçıdan 4-ü gümüş, 2-si isə bürünc medal qazanıb.

Məktəblimiz Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyasının X sinif şagirdi Bəşirov Murad olimpiadada gümüş medal qazanıb.O, öz təəssüratlarını bizimlə bölüşüb.

“Məncə, budəfəki yarış elm olimpiadaları arasında ən yaxşı təşkil olunanlardan biri idi. Yarış üç hissədə təşkil olunmuşdu. Birinci mərhələ qapalı tipli, ikinci açıq tipli test tapşırıqlarından , üçüncü isə praktiki  turdan ibarət idi.

Test və nəzəriyyə tipli sualları tək həll etmək lazımdır. Amma axırıncı tur 3 nəfərdən ibarət komanda ilə keçirilirdi.  Hər tur arasında bir gün fasilə verilirdi.

Yarışda 71 ölkə iştirak edirdi, amma onların 55-i əsas, qalanı isə qonaq ölkələr idi ”.

Olimpiadaçı bu uğurun onun üçün əhəmiyyətindən də danışıb:

“Gümüş medal aldığımı eşidəndə çox sevinmişdim. Ümumiyyətlə, yarışdan xoş təəssüratlarla qayıtdım. Dünya üzrə 55 ölkənin,  400-dən çox şagirdin arasında gümüş medal qazanmaq hər adama nəsib olmadığı üçün özümü xoşbəxt hiss edirəm.  Bu yarışda keçən il də iştirak edib bürünc medal qazanmışdım. Bu bir il müddətində də çox çalışdım, amma əsas son iki-üç aydır. Olimpiadanın şərtlərinə görə 16 yaş tamam olana qədər qatıla bilərdik. Yəni bu il mənim son şansım idi. Amma növbəti yarışlarda qızıl medalı hədəfləyirəm”.

Onu da qeyd edək ki, Murad Bəşirov keçən il respublika fənn olimpiadalasında fizika fənni üzrə bürünc medal qazanıb.  Qiraətlə məşğul olmağı, şahmat oynamağı sevir.

 Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Xanım Yaqubluda uğur qazanan məktəblilər arasındadır.  O uğurunun sirrini olimpiadalarda qazandığı təcrübədə görür.

“Keçən il də yeniyetmələrin beynəlxalq elm olimpiadasında iştirak edib bürünc medal almışdım. O yarışa bir ay hazırlaşmışdıq.  Birinci mərhələdə 30 şagird, ikinci mərhələdə 6 nəfər seçilir. Sonra o 6 nəfər respublika komandası olaraq hazırlaşdırılır. Bu il iki 2-3 ay hazırlaşdım.  Amma bu il gümüş medal almağımda keçən ilki təcrübəm də rol oynadı”.

Həmçinin məktəblimiz yarışda  komanda olaraq çəkdikləri bəzi çətinlikləri  də qeyd edib.

“Birinci mərhələdə hər fəndən 10 sual olmaqla 30 test tapşırığı verilmişdi. Bu mərhələdə elə bir çətinliyimiz olmadı. Mənə nəzəri mərhələdə nisbətən fizika fənni çətin gəldi. Bu mərhələ sualları hazırlayan müəllimlərə, ilə görə dəyişə bilir. Praktiki mərhələdə isə qruplarla yarışdıq. Mən fizikadan, yoldaşlarım izə kimya və biologiyadan olan tapşırığı həll etdik.  Bu mərhələrə arasında ən çətin praktiki mərhələ oldu. Bunun səbəbi isə çox az məşq etmək və nəzəriyyənin praktikaya tətbiqində az hazırlaşmağımız oldu.  Nəzəriyyəyə iki-üç ay hazırlaşsaq da, praktika cəmi bir-iki həftə hazırlaşdıq”.

Onu da qeyd edək ki  məktəblimiz Xanım Yaqublu   keçən il iştirak etdiyi  yeniyetmələrin beynəlxalq elmi olimpiadasından bürünc,  Meqapolis olimpiadasından isə gümüş medal qazanıb. Kimya mühəndisliyi üzrə ali təhsil almaq niyətindədir. 

 Ayşə MÜSEYİB