Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-30 11:05:00
Magistraturaya qəbulun I mərhələsinə etiraz: “Təhsilin heç bir mərhələsində məntiq tədris olunmur”

"Magistraturaya qəbulun II mərhələsinin ləğvi rəsmi təsdiqlənmədiyi üçün II mərhələ ləğv edildikdən sonra ümumilikdə magistraturaya qəbulun necə olacağı ilə bağlı dəqiq heç nə demək mümkün deyil"

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Elxan Nəcəfov deyib. Onun sözlərinə görə, tələbələr bakalavr tədrisini bitirdikdən sonra magistr hazırlıqları üçün hər iki mərhələ üzrə əlavə hazırlıqlara və kurslara müraciət edirlər:

"Bu universitet dövründə təhsilin nəticəyönümlülüyünə kölgə salır. Tələbə bu nəticəyə gəlir ki, universitet təhsili magistr olmaq yolunda çox da əhəmiyyətli deyil. Ümidlərinin və magistr olmaq arzularının həmin hazırlıqlarda reallaşacağına inanırlar. Bu da onların bir daha ali məktəbdəki dərslərə olan marağını azaldır. Düşünürəm ki, təklif qəbul edilərsə, bakalavrların ali məktəb tədrisi dövründə yüksək qiymət almaq maraqları artacaq. Bu marağı universitetlər tədrisin keyfiyyətini və səviyyəsini qaldırmaq fürsəti kimi dəyərləndirə bilərlər. Tələbələr yüksək qiymət almaq maraqlarını tədris olunan fənlərdən biliklərini artırmaq marağına yönəltməlidirlər. Yox əgər tələbələrin yüksək qiymət ehtiyacları süni və ədalətsiz qiymətləndirmə ilə təmin ediləcəksə, bu ümumi işin ziyanına olacaq".

Elxan Nəcəfov bildirib ki, ölkə təhsilinin heç bir mərhələsində məntiq fənni tədris olunmur:

“Bir çox istiqamətlər üzrə, həmçinin magistraturaya qəbul imtahanında iştirakçılar məntiq fənnindən sualları cavablandırmaq məcburiyyətində qalırlar. Düşünürəm ki, bu haqda da müzakirələr olmalı və mövzu ictimailəşdirilməlidir. Məncə, iki çıxış yolu var. Birinci çıxış yolu budur ki, ən azından ali məktəblərdə məntiq fənninin tədrisində başlanılmalıdır. Orta məktəblər üçün də məntiqə ehtiyac getdikcə artır. Qeyd edim ki, hər hansı imtahan istiqaməti üzrə məntiq fənnindən əsaslandırılmış proqram belə yoxdur. Qəbul imtahanlarında düşən suallar isə məntiqi təfəkkürü yoxlamaqdan daha çox əzbərə və vərdişə yönəlmiş suallardan ibarət olur. Bu da imtahan verənlərin məntiqi dünyagörüşünün artmasına heç bir xidmət etmir. İkinci çıxış yolu isə budur ki, məntiq fənni üzrə suallar imtahanlara əlavə olunmamalıdır. Bu məqamda qeyd etməliyəm ki, məntiq üzrə olan suallar əməlli-başlı mübahisələr yaradır. Məntiq sualları çox zaman subyektiv yanaşmalar üzərindən hazırlandığı üçün bir çox hallarda bir neçə doğru cavabla əsaslandırıla bilir. İstənilən halda mövzu ictimailəşdirilməli və daha ədalətli imtahan quruluşu tətbiq edilməlidir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları