Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-20 16:19:00
Gənc müəllimlər and içir-FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 138 nömrəli tam orta məktəbdə hər tədris ilinin başlanğıcında yeni işə qəbul olunmuş müəllimlərin andiçmə mərasimi keçirilir.

AzEdu.az xəbər verir ki, andiçmə zamanı 2019-2020-ci tədris ilində məktəbə daimi işə qəbul olmuş 4 gənc müəllim Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacaqlarına, keyfiyyətli təhsil xidməti göstərəcəklərinə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəklərinə, həmkarlar, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracaqlarına, müəllim adını və şərəfini uca tutacaqlarına and içiblər.

Qeyd edək ki, mərasim Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın “Müəllim andı” adlı 5-ci bəndinə əsasən təşkil olunub.

Məktəbin direktoru Mirfaiq Mirheydərli bildirdi ki, yeni işə qəbul olunmuş müəllimlərin andiçməsi son illərdə məktəbdə bir ənənə halını alıb. Bu yenilik müəllimlər, valideynlər və şagirdlər tərəfindən maraqla qarşılanır, gənc müəllimlərin öz işinə daha məsuliyyətlə yanaşmasına əlavə stimul kimi qəbul olunur.

Məktəbdəki bu və digər maraqlı məqamlarla bağlı daha ətraflı müsahibəni yaxın günlərdə oxuya bilərsiniz.