Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-03 13:23:00
“Şahin” hərbi-idman oyunları keçirilib - FOTO

Ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunlarının paytaxt üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.

Belə ki, paytaxtın Yasamal rayonu üzrə 20, Xətai rayonu üzrə 263, Binəqədi rayonu üzrə 100, Xəzər rayonu üzrə 206, Sabunçu rayonu üzrə 142, Qaradağ rayonu üzrə 184, Nizami rayonu üzrə 220, Nəsimi rayonu üzrə 23, Nərimanov rayonu üzrə 258, Suraxanı rayonu üzrə 285 nömrəli tam orta məktəblərin, Səbail rayonu üzrə 160 nömrəli Klassik Gimnaziyanın komandası qalib olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildiriblər ki, rayon birinciliyinin qalib komandaları diplom və kubokla mükafatlandırılıblar.

Qaliblər mayın 5-də Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində keçiriləcək Bakı şəhəri üzrə zona birinciliyində iştirak hüququ qazanıblar.

“Şahin” hərbi-idman oyununun keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik, milli ruhda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisini təkmilləşdirməkdir.

Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Veteranlar Şurasının birgə qərarı ilə təşkil edilir.