Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-29 17:28:39
"Bizdə  "sınaq" üçün pul ödəmirlər, nəticələri isə çox yaxşı olur” – türkiyəli tələbələrin imtahan təəssüratları

Bu gün I-V ixtisas qruplarına qəbul olmaq istəyən abituriyentlər üçün Respublikanın 12 şəhər və rayonunda ikinci sınaq imtahanı keçirilib.

Ümumiyyətlə, ənənəvi olaraq Dövlət İmtahan Mərkəzi hər il, adətən, 3 belə sınaq imtahanı təşkil edir. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və təxminən 30  min abituriyent qeydiyyatdan keçib.

Ən maraqlı məqamlardan biri də bizdə sınaq imtahanlarının xüsusi həyəcanverici amilə çevrilməsidir. Yalnız yoxlama xarakterli prossedur olmasına baxmayaraq, valideyn və şagirdlər sınaq imtahanı zamanı çox böyük təşviş keçirirlər. Bu, ilk baxışda mənfi hal olsa da, müsbət tərəfi də var: deməli, bizdə istər valideyn, istər şagird, istərsə də müəllimlər sınaq imtahanlarına həddindən artıq böyük önəm verirlər.

Bəs, qardaş Türkiyədə necədir, onlarda da sınaq həyəcanları bizdəki kimidirmi? Ümumiyyətlə, Türkiyə təhsil sistemində və imtahan prosedurunda sınaqların əhəmiyyəti nə dərəcədə böyükdür?

Hazırda Bakıda təhsil alan türkiyəli tələbələr AzEdu.az-a açıqlamalarında bu barədə bir neçə detala toxunublar:

Bahri Tekeboğan: “Bizdə sınaq imtahanlarını, adətən, özəl kurslar təşkil edirlər. Dövlət sadəcə qəbul imtahanı keçirir. Sınaq imtahanlarına tələbat həddən artıq çoxdur. Demək olar, hər ay bu tip imtahanlar təşkil olunur. Qəbul imtahanına yaxın zamanda isə ard-arda 3-4 dəfə keçirilir. Kursların təşkil etdiyi imtahanlar əsas qəbul imtahanının formatına yaxın olur. Ali məktəblərə hazırlaşanlardan tanıyıram, deyirlər ki, belə sınaqların faydası  çox olur. Amma sınaqlarda toplanılan balın, heç bir halda qəbul imtahanlarına aidiyyatı yoxdur”.

Ömər Hamamcıoğlu: “Mən Ankarada orta məktəbdə təhsil almışam. 1-2 dəfə belə sınaq imtahanlarına qatılmışdım. Lakin sonra bunun mənim üçün əhəmiyyəti olmadı, çünki Azərbaycana qəbul olunduğun üçün, Türkiyədə qəbul imtahanı vermədim. Müəyyən bir vaxt ayrılır və o vaxt çərçivəsində sualları cavablandırmaq tapşılır. Düşünürəm, elə Azərbaycanda olduğu kimi tətbiq olunur. Amma özəl kurslar hər nə qədər uyğun suallar tətbiq etməyə çalışsalar da, qəbul imtahanları ilə arasında xeyli fərqlər olur. Türkiyədə sınaq təcrübəsi uzun illərdir ki var”.

İlknur Ərdoğan: “Bizdə sınaq imtahanlarını müstəqil qurumlar təşkil edir. Qəbul imtahanlarına hazırlaşdıran kurslar olur. Kursa yazılan uşaqlar sınaq imtahanları üçün pul ödəmirlər. Amma kursa yazılmayan isə ümumiyyətlə, bildiyim qədərilə kursda iştirak edə bilmirlər. Mən sınaqda iştirak etməmişəm, amma yüksək nəticə göstərmişdim”.