https://www.zirve.edu.az/
27.04.2018 11:39
78 min 509 abituriyent elektron ərizəsini təsdiq edib

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 30-dək davam edəcək.

AzEDU.az xəbər verir ki, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin (DİM) müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.

Aprelin 27-si saat 09:30-dək olan məlumata əsasən, 78509 abituriyent elektron ərizəsini təsdiq edib.

Abituriyentlər, eyni zamanda, ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə məlumatların yetərli olub-olmamasına görə iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 17-dən iyunun 14-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize/ internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini bildirməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.

Maraqlananlar ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının tam mətni ilə eservices.dim.gov.az/erizebak/erize/ internet səhifəsində tanış ola bilərlər.