Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-25 14:10:00
Çox xoşbəxtəm ki, məhz BMU-nu seçdim  

Bakı Mühəndislik Universiteti müasir tələblərə cavab verən tədris sistemi ilə yanaşı, tələbə həyatı və müsbət ənənələri ilə fərqlənir. Belə ənənələrdən biri də universiteti ən yüksək balla bitirən tələbənin adı yazılmış lövhənin məzun kötüyündə yer almasıdır. Bu il BMU-nu 99.14 balla bitirən və İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasından məzun olan Almaz Mirzəyeva eyni zamanda ölkəmizin digər universitetlərindən məzun olanlar arasında da birinci yeri tutub.

AzEdu.az xəbər verir ki, Almaz Mirzəyeva universitetdə keçirilən “Məzun Günü” tədbirində çıxış edərək beş il təhsil aldığı təhsil müəssisəsi haqqında təəssüratlarını və ürək sözlərini ifadə edib: “Çox xoşbəxtəm ki, məhz BMU-nu seçdim, çünki elə birinci kursdan etibarən universitet bütün ümidlərimi doğrultmağa başladı. Universitetin professional müəllim heyəti və səmimi ab-havasından tutmuş, beynəlxalq nüfuzu, ingilis dilində tədrisi, dünya standartlarına cavab verən təhsil sisteminə qədər bütün üstünlükləri  mənim həm elmi sferada, həm də sosial cəhətdən şəxsi inkişafıma təkan vermişdir. Beş il ərzində hər zaman  bu universitetin tələbəsi olmağın fərqini hiss etmiş və hər yerdə fəxr hissi ilə adını çəkmişəm. Universitetdə qazandığım bilik və bacarıqlar nəticəsində bir sıra nailiyyətlər əldə edə bilmişəm. Təhsil müddətində Alman Akademik Mübadilə (AAM) proqramı olan DAAD tərəfindən təqaüd qazanaraq Almaniyada beynəlxalq yay məktəbində iştirak etmiş, eləcə də Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşəm. Burada qazandığım bacarıqlar mənə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi bir sıra qlobal forum və beynəlxalq konfranslarda iştirak haqqı qazandırmış, eləcə də bu bilikləri beynəlxalq arenada tətbiq etmək imkanı yaratmışdır. Tələbəlik illərimdə amerikalı mütəxəssislə birlikdə “Elm, Texnologiya və Mühəndislik üzrə ingilis dilinin tətbiqi”  adlı layihə həyata keçirmiş, daha sonra Beynəlxalq Təhsil üzrə Amerika Şurasında təlimçi kimi fəaliyyət göstərmişəm. Həmçinin bakalavr tələbəsi kimi tədqiqatlar aparmış və bunun nəticəsində beynəlxalq elmi jurnallarda 4 akademik məqaləm nəşr olunmuşdur. Nəşr olunan məqalələrimə görə academia.edu saytında ən yaxşı (top 0,5% ) müəlliflər sırasına yüksələ bilmişəm.  Bütün bunlarla yanaşı, ixtisasımla bağlı olan müxtəlif kurslarda onlayn təhsil almış və Arizona Universiteti, Qlasqov Universiteti, Pensilvaniya Universiteti kimi dünyaca məşhur bir sıra universitetlərdən sertifikatlar əldə edə bilmişəm. Bütün bu uğurlarımda universitetdəki dəyərli müəllimlərimin və ümumilikdə universitetimin yaratdığı imkanların rolu əvəzsizdir”.

Qeyd edək ki, Almaz Mirzəyeva 1996-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 2003-cü ildə Bakı şəhər 187 saylı tam orta məktəbə gedib, 11 il ərzində əla qiymətlərlə oxuyan Almaz Mirzəyeva orta təhsili qızıl medalla bitirib. O, 10-cu sinifdə oxuyarkən “Nizami Gəncəvi – 870” adlı  inşa yazı müsabiqəsində Respublika üzrə I yerə layiq görülüb. Almaz deyir: “Yalnız ixtisas qrupundakı 5 fənni deyil, məktəbdə tədris olunan bütün fənləri yaxşı oxuyurdum. Qəbul imtahanlarında 545 bal toplayaraq Bakı Mühəndislik Universitetinə qəbul olundu. Bu universitetdə təhsil almaq arzusu məndə 11-ci sinifdə oxuyan zamanlardan yaranmışdı. Məktəbimizin universitetə təşkil etdiyi ekskursiya sayəsində BMU-nu tanıdım və burada olan təhsil mühitinin canlı şahidi oldum. Elə o gün universitet seçiminə qərar verdim. Bu gün bir daha düzgün qərar verməyimin sevincini yaşayıram”.