Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-25 10:02:54
Köhnə proqram, yeni qayda... - Abituriyentlər imtahanı necə verəcəklər?

Gələn il kurikulum əsasında təşkil olunacaq qəbul imtahanlarında abituriyentlərə hər qrup üzrə 3 fənn təqdim olunacaq. İmtahanda iştirak edəcək əvvəlki illərin məzunları üçün isə xüsusi imtahan nəzərdə tutulmayıb. Bu  o deməkdir ki, dərs proqramları kurikulum əsasında tərtib olunmayan  əvvəlki illərin məzunları da  yeni qaydalarla imtahan verməlidirlər.

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, hazırda tətbiq olunan kurikulum sistemi hamı tərəfindən birmənalı qarşılanmır:

“Qəbul imtahanlarının formatında tez-tez yerli-yersiz dəyişikliklərin edilməsi valideyn, abituriyentlər və ümumilikdə geniş ictimaiyyət arasında çaş-başlığa səbəb olur. Yeni modelə əsasən, 2019-cu ildən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunan qiymətləndirmə vasitələrindən istifadə olunacaq.

2019-cu ildə ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunlarının da cari ilin məzunların kimi ikimərhələli imtahanda iştirak etməsi “Yeni model”in tətbiqinə hesablanan növbəti addımdır”.

Nadir İsrafilov qeyd edib ki, hazırda ali təhsilin hamı üçün əlçatan olması məsələsinə xüsusi diqqət ayrılıb:

“Bu məqsədlə məzunlara qəbul zamanı əlavə olaraq ikinci şans verilir, bəzi universitetlərin nəzdində hazırlıq kurslarının fəaliyyət göstərməsi nəzərdə tutulub.  Ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri arasında öncül yerlərdən birini tutmağı hədəfləmişik. Əgər ali təhsili hamı üçün əlçatan ediriksə, əvvəlki illərin məzunları niyə bu şansdan yararlanmasınlar? Bu addımın hansısa keyfiyyət dəyişikliyinə səbəb olacağını hesab etmirəm. Lakin kəmiyyət artımına hesablanması şübhəsizdir. Dərsliklərdə, tədris planı və proqramlarında olan dəyişiklik və yenilikləri bir daha vərəqləyib mənimsəmək və növbəti imtahanda iştirak etmək üçün əvvəlki illərin məzunları xeyli zəhmət çəkməli, müəyyən problemlərlə üzləşməli olacaqlar. Qaydaların tez-tez dəyişdirilməsində ifratçılığa yol verməyin tam əleyhinəyəm. Sistem tam oturuşana qədər qaydaların mütəmadi olaraq dəyişdirilməsi hələ müəyyən müddətə qaçılmaz olacaq”.

Hədəf kurslarının Elm və Tədris işləri departamentinin direktoru Elxan Nəcəfov qeyd edib ki, Dövlət İmtahan Mərkəzi edəcəyi yenilikləri bir il əvvəlcədən mediada elan edir:

“Əvvəlki illərin məzunları çox da çətinlik çəkməyəcəklər. Çünki suallarda qrammatik və elmi cəhətdən heç bir dəyişiklik edilməyəcək. Sadəcə testlərin hazırlanmasında və tiplərində yeniliklər olacaq. Əvvəllər qapalı tipli suallar hazırlansa da, zamanla imtahanlara bir neçə açıq tipli tapşırıqlar əlavə edildi. İndi də belə bir fikir var ki, gələcəkdə hər fənn üzrə 30 sual tərtib olunacaq.  Bu sualların səkkizinin açıq, 22-nin qapalı tipli olacağı gözlənilir. 

Əvvəlki illərin məzunlarının öyrəndikləri bilik onlara yetərli olsa da, test işləmək vərdişləri baxımından müxtəlif  çətinliklərlə qarşılaşa bilərlər. Bu bacarıqlarını təkmilləşdirmək  üçün isə bir  il kifayətdir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları