“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə qəbulun nəticələri açıqlanıb.
Bu il Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsi olmaqla, ümumilikdə 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.
Qaliblərdən biri də Yel Universitetində (Yale University) beynəlxalq və inkişaf iqtisadiyyatı ixtisası üzrə magistratura təhsili alacaq Həmid Həşimzadədir.
AzEdu.az Həmid Həşimzadə ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
Yel Universitetinə qəbul olmasaydım, Azərbaycanda qalaraq Bakı Ali Neft Məktəbində təhsilimi davam etdirərdim:
“2021-ci ildə 681,9 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr pilləsinə qəbul olmuşam. Elə həmin il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşəm.
2026-cı ildə isə həmin universitetdən məzun olaraq Amerika Birləşmiş Ştatlarının Yel Universitetində Beynəlxalq və inkişaf iqtisadiyyatı ixtisası üzrə magistratura təhsili almaq hüququ qazanmışam.
Yel Universiteti ilə yanaşı, bir sıra digər nüfuzlu ali təhsil müəssisələrindən də qəbul almışdım. Bunlar sırasında Birləşmiş Krallığın London Imperial Kolleci (İqtisadiyyat və biznes strategiyası), Kolumbiya Universiteti (İqtisadiyyat), həmçinin Almaniyanın DAAD təqaüd proqramı və bir neçə Almaniya universiteti yer alır.
Həm universitetin nüfuzunu, həm də əmək bazarındakı tələbatı nəzərə alaraq ilk seçimim Yel Universiteti olub. Əgər Yel Universitetinə qəbul olmasaydım, Azərbaycanda qalaraq yenidən Bakı Ali Neft Məktəbinin MBA proqramına qəbul olmağı və təhsilimi orada davam etdirməyi seçərdim”.
Dünyanın demək olar heç bir yerində gənclərə bu qədər hərtərəfli dəstək göstərən, bütün xərclərini qarşılayan ikinci bir proqram yoxdur:
“Dövlət Proqramına müraciət prosesim kifayət qədər uzun və maraqlı keçdi. İstər ilkin müraciət mərhələsi, istərsə də müsahibəyə hazırlıq və müsahibə prosesi həm rəqabət baxımından çətin, həm də hazırlıq baxımından maraqlı idi.
Düşünürəm ki, Dövlət Proqramının yaratdığı imkanlar gənclər üçün çox böyükdür. Xarici dostlarımla söhbətlər zamanı da görürəm ki, dünyanın demək olar heç bir yerində gənclərə bu qədər hərtərəfli dəstək göstərən, bütün xərclərini qarşılayan ikinci bir proqram yoxdur. Hesab edirəm ki, Dövlət Proqramı ümumilikdə təhsil proqramları arasında ən dolğun və faydalı təqaüd proqramlarından biridir.
Dövlət Proqramının ən böyük üstünlüyü ondan ibarətdir ki, rəqabətə tab gətirərək qalib olan gənclərin bütün xərcləri dövlət tərəfindən qarşılanır və bu, həqiqətən də böyük bir imkandır. Çünki burada söhbət yüz minlərlə manat dəyərində xərclərdən gedir. Bu dəstək sayəsində Azərbaycanın sadə məktəblərinin məzunları dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində rahatlıqla təhsil ala bilirlər".
Amerikada oxumağıma baxmayaraq, qrupda bir nəfər də amerikalı yoxdur - hər kəs dünyanın fərqli ölkələrindən gəlib:
“İlk dərs günüm çox maraqlı keçib. Çünki yeni mühitdə, yeni insanların əhatəsində olmaq tamam fərqli bir hissdir. Məni ən çox təəccübləndirən isə bizim qrupumuz oldu. Qrup 25-30 nəfərlik kiçik bir qrupdur və maraqlısı budur ki, Amerikada oxumağıma baxmayaraq, qrupda bir nəfər də amerikalı yoxdur. Hər kəs dünyanın fərqli ölkələrindən gəlib. Sonradan öyrəndim ki, həmin ixtisas üzrə qəbul faizi cəmi 3% olub və seçim prosesi olduqca sərt, rəqabətli keçib. Buna görə də qrupdakı hər bir tələbə xüsusi diqqətlə seçilib. Bu məqam məni həqiqətən çox təəccübləndirmişdi.
Azərbaycandakı universitet təcrübəmlə Yel Universitetindəki təhsil arasında çox böyük fərq hiss etmirəm. Çünki Azərbaycanda Bakı Ali Neft Məktəbini bitirmişəm və orada da tədris kifayət qədər sərt və intizamlıdır. Ona görə də Yel Universitetinə uyğunlaşmaq mənim üçün çox da çətin olmadı.
Akademik mühitdə əslində çətinlik çəkdiyim məqam bir az buradakı rəqabət məsələsidir. Çünki Bakı Ali Neft Məktəbində Prezident təqaüdçüləri ilə bir qrupda oxuyurdumsa, burada da mənim qrup yoldaşlarım dünyanın ən nüfuzlu universitetlərinin - Kembric, Oksford, Harvard, Stenford universitetlərinin məzunlarıdır. Ona görə də eyni rəqabətə davamlılığı burada da göstərmək lazımdır”.
20-dən çox ölkə görsəm də, Amerika mənim üçün yeni bir dünya idi:
“Amerikada gündəlik həyata uyğunlaşma prosesim hələ də davam edir. Çünki mən daha öncə Avropada bir semestr təhsil almışam və dünyanın 20-dən çox ölkəsinə səyahət etmişəm. Ona görə Mərkəzi və Şərqi Asiya, eləcə də Avropa haqqında müəyyən bilgilərim var idi. Amma Amerika mənim üçün, sözün əsl mənasında, yeni dünya idi.
Buranın insanlarına, davranışlarına və gündəlik həyat tərzinə öyrəşmək kifayət qədər zaman alan prosesdir. Xarici dillə bağlı problemim olmadığı üçün bu, mənə çox da çətin gəlmir, sadəcə zamana ehtiyac var. Artıq üç həftədir ki, adaptasiya prosesindəyəm.
Yemək məsələsində, əslində, çətinlik çəkdiyimi deyə bilmərəm, çünki mən yemək bişirməyi çox sevirəm. Ona görə də burada da günümün bir hissəsi mətbəxdə keçir. Milli yeməklərimizi Azərbaycanda olanda da bişirməyi öyrənmişdim. Ona görə burada da ürəyim istəyəndə həm Azərbaycanın dolmasını, həm plovunu, ləvəngisini və s. hazırlaya bilirəm. Həm də özüm Cənub bölgəsindən olduğum üçün buna xüsusi marağım var. Ən çox darıxdığım yemək isə yəqin ki, ləvəngidir. Amerikanın da fast-food mədəniyyətinə az-çox bələd idim. Ona görə burada da ürəyim istəyəndə arada bir fast-food-a üz tuta bilirəm”.
Azərbaycanı tanımayanlar indi ölkəmiz haqqında özləri məlumat verirlər:
“Xarici tələbələrlə ünsiyyət burada yüksək səviyyədədir. Çünki demək olar ki, həftənin hər günü burada hər hansısa bir sosial tədbir var: istər sərgilər olsun, istər təlimlər, istər maraqlı görüşlər və partilər. Hər birində Avropa, Asiya, Latın Amerika, Afrika və digər bölgələrdən olan tələbələrlə tanış oluram. Hər bir insanı tanıdıqca onların ölkəsi, mədəniyyəti və tarixi haqqında yeni faktlar öyrənə bilirəm. Həm də hər bir ölkənin insanının məsələlərə baxış tərzi fərqli olur. Bunu ən çox təlimlərdə hiss edirəm - hər kəs öz mədəniyyətini, mentalitetini və ölkəsinin perspektivini gətirir.
Azərbaycan haqqında da hər zaman soruşanda ilk olaraq Azərbaycanın coğrafi mövqeyindən başlayıram, daha sonra son illərdə baş vermiş hadisələrdən, xüsusilə də İkinci Qarabağ müharibəsindən danışıram. Fikir verirəm ki, bir neçə il əvvəl Azərbaycanı o qədər də çox tanımırdılarsa, indi artıq Azərbaycanın adı çəkilən kimi özləri Xəzər dənizindən, Qarabağdan və s. danışır, məlumat verirlər və ölkəmizi tanıdıqlarını bildirirlər. Bu da bir azərbaycanlı gənc kimi mənə həqiqətən çox xoşdur”.
Bütün çətinliklərdən sonra əldə olunan nəticə insanın özü ilə fəxr etməsinə dəyər:
“Dövlət Proqramı çərçivəsində təhsil almaq istəyən gənclərə ilkin tövsiyəm odur ki, universitetin ilk illərindən özləri üçün güclü profil yaratsınlar. Bu, akademik biliklərlə yanaşı, müxtəlif təcrübələr, araşdırmalar, elmi məqalələr və sosial fəaliyyətlər vasitəsilə mümkündür.
Nəzərə alsaq ki, Dövlət Proqramına müraciətlərdə ildən-ilə rəqabət artır, gənclər texniki biliklərini və kommunikasiya bacarıqlarını inkişaf etdirməlidirlər. Bu, xüsusilə müsahibə mərhələsində özünü göstərir. Ona görə də getmək istədikləri universiteti və oxumaq istədikləri ixtisası yaxşı araşdırmaları vacibdir. Seçdikləri ixtisas bakalavr ixtisaslarından fərqlənirsə, həmin sahə üzrə biliklərini artırmalı və cəsarət toplayaraq müraciət etməlidirlər.
Bu, ümumiyyətlə, uzun bir prosesdir - həm xarici universitetdən qəbul almaq, həm də Dövlət Proqramına müraciət və qəbul mərhələləri zaman tələb edir. Amma bütün bu çətinliklərdən sonra əldə olunan nəticə insanın özü ilə fəxr etməsinə dəyər. Əsas məsələ cəsarət toplayıb ilk addımı atmaqdır. Çünki necə deyərlər, “bizi öldürməyən şey bizi gücləndirir”.
İnsan özünü çətinliyə saldıqca həm gənc, həm də şəxsiyyət kimi inkişaf edir. Bunu Amerikada təhsil alan bir azərbaycanlı gənc kimi mən də hiss edirəm. Ona görə hər kəsə tövsiyəm odur ki, ilk addımı atsın. Daha sonrası isə sizi layiq olduğunuz zirvələrə aparacaq prosesin özüdür”.