https://www.zirve.edu.az/
24.04.2018 12:41
“Gələcəyini Qur” layihəsi üçün növbəti seçimlər başladı

“Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsi üzrə paytaxtın ümumi təhsil müəssisələrində seçimlərə start verilib.

AzEDU.az xəbər verir ki, artıq 5-ci ildir keçirilən layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin müvafiq ixtisas istiqamətləri üzrə qəbul imtahanlarına əlavə hazırlığını təmin etmək, hərtərəfli fərdi inkişaf istiqamətində onlara dəstək vermək və bununla da Azərbaycan cəmiyyətinə yüksək intellektə malik sağlam düşüncəli gənclər qazandırmaqdan ibarətdir.

Layihə şagirdlərin ailəsinin sosial vəziyyəti, onların oxuma həvəsi,  bilik və potensialı kimi meyarlar əsasında həyata keçirilir.

Aprel ayından start götürən layihənin Bakının 5 rayonu (Binəqədi, Xətai, Sabunçu, Suraxanı və Qaradağ) və paytaxtdan kənarda yerləşən 5 regionda keçirilməsi nəzərdə tutulur.

Layihəyə seçim 5 mərhələdən–ərizə formalarının qiymətləndirilməsi, namizədlərin ixtisas fənləri üzrə ümumi bilik səviyyəsinin ölçülməsi üçün sınaq imtahanı, namizədlərin müsahibə yolu ilə dəyərləndirilməsi, bir aylıq sınaq dərsləri və sınaq imtahanı, namizədlərin ailələri ilə tanışlıqdan ibarətdir.

Layihə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi, korporativ sosial məsuliyyət (KSM) siyasəti çərçivəsində “İTECA Caspian”, BP və tərəfdaşları, “EY Azərbaycan”, Baker Tilly Azərbaycan, “Kainat” Tədris Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Caspian Event Organisers” şirkətlərinin sponsorluğu ilə həyata keçirilir. Layihənin tərəfdaşları “ADA” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti və Xəzər Universitetidir.

Qeyd edək ki, ötən il 130 şagird layihənin iştirakçısı adını qazanıb. Ümumilikdə, indiyədək 300-ə yaxın gənc layihədən yararlanıb. Gənclərin əksəriyyəti hazırda müxtəlif ali təhsil müəsisələrində ödənişsiz əsaslarla təhsil alır.