Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-31 20:51:00
Magistrlərin I beynəlxalq elmi konfransı keçirildi - FOTOLAR

Bu gün “İqtisadiyyat və İdarəetmə” ixtisasları üzrə təhsil alan magistrlərin I beynəlxalq elmi konfransı keçirilib.

AzEdu.az xəbər verir ki, konfransda təhsil naziri Ceyhun Bayramov, təşkilat və komitə sədrləri, millət vəkilləri, rektorlar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Konfransdan öncə iştirakçılar BMDM-nin magistrlərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Beynəlxalq konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

UNEC-in rektoru, professor Ədalət Muradov magistrləri I Beynəlxalq Elmi Konfransın keçirilməsi münasibətilə təbrik edərək, konfransın işində onlara uğurlar arzulayıb. UNEC-in elmi tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində atdığı addımlardan danışan rektor, universitetdə elmi fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə həyata keçirilən islahatlara diqqət çəkərək, UNEC müəllimlərinin Web of Science də çap olunan məqalələrinin 76%-nin məhz son 4 ilin payına düşdüyünü bildirib. Rektor UNEC-də iqtisadiyyat elminin aktual problemlərini araşdıran 26 tədqiqat mərkəzinin yaradıldığını, həmin mərkəzdə aparılan tədqiqatın nəticələrinin dünyaca məşhur Şpringer nəşriyyatında çap olunduğunu xüsusi vurğulayıb. Kitabın Şpringer nəşriyyatında iqtisadiyyat üzrə Azərbaycandan nəşr olunan ilk və yeganə olduğunu diqqətə çatdırıb. Rektor magistr və tələbələrin elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə UNEC-də mükafatlandırma sisteminin yaradıldığından da söz açıb. Bildirib ki, impact dərəcəsindən asılı olaraq nüfuzlu jurnallarda çap olunan hər bir məqaləyə görə UNEC-in bakalavr və magistrləri 4000 manatadək mükafat əldə edə bilirlər. Ə.Muradov UNEC-in ikili diplom proqramlarına da toxunub. Yeni tədris ilindən UNEC-in ABŞ-ın Linkoln universiteti ilə magistratura pilləsi üzrə ikili diplomu reallaşdıracağını deyən rektor, həmin magistlərin təhsil aldıqları müddətdə lisenziya əsasında ABŞ-da əmək fəaliyyəti ilə də məşğul ola biləcəklərini deyib.

 

Təhsil naziri Ceyhun Bayramov bilik iqtisadiyyatı dövründə hərtərəfli və dayanıqlı inkişafın təmin edilməsində elm və təhsilin rolunun artdığını bildirib. İqtisadiyyatın inkişafında ali təhsilin rolunun xüsusi önəm kəsb etdiyini diqqətə çatdıran nazir Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədlərinə toxunub. Strategiyanın hədəflərinə uyğun olaraq, son 6 ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında 20,8 faiz artım müşahidə edildiyini, 2018-ci ildə 41 mindən çox şəxsin tələbə adını qazandığını vurğulayıb. Nazir ali təhsilin hamı üçün əlçatan  olmasının  dövlət siyasətinin prioritet istiqamətlərdən biri olduğunu deyib. 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayının 66 faiz təşkil etdiyini, hazırda magistratura səviyyəsində qəbul dinamikasında da artımın müşahidə olunduğunu bildirib. Nazir ölkədə elmi nəşrlərin keyfiyyətinin və sayının artırılması istiqamətində də ciddi addımlar atıldığına diqqət çəkərək, 2018-ci ildə Azərbaycanın Cənubi Qafqaz regionunda inkişaf dinamikasına görə lider olduğunu vurğulayıb.

 

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) direktoru, dosent Fariz Əhmədov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, BMDM-də 11 ixtisas və 39 ixtisaslaşma üzrə 4 dildə tədris aparılır. Mərkəzdə 1200-dək yerli və əcnəbi magistrin təhsil aldığını deyən F.Əhmədov onların beynəlxalq və elmi uğurları barədə də danışıb. UNEC-in magistrlərinin 4 məqaləsinin “Web of Science”də indeksləşmiş jurnallarda dərc olunduğunu qeyd edib. F.Əhmədov konfransa yerli və əcnəbi magistrlər tərəfindən 385 məqalənin təqdim edildiyini bildirib.

 

Plenar iclasda UNEC magistrləri 4 dildə təqdimatla çıxış ediblər.

 

Sonda təhsil naziri Ceyhun Bayramov magistrlərə  sertifikatları təqdim edib.

Konfrans öz işini plenar iclaslarda davam etdirəcək. İyunun 2-dək davam edəcək konfransda iqtisadiyyat və idarəetmə ixtisaslarında təhsil alan həm yerli, həm də xarici ölkələrdən olan gənclər bir araya gələrək, magistr tədqiqatlarının nəticələrinin paylaşılması, elmi araşdırmaların keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparacaqlar.