Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-23 16:31:18
Məktəblərdə direktor müavinləri necə seçilir? – Uyğun şərtlər, müsabiqə və keçid balları  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin direktor müavini olmaq istəyənlər üçün keçirdiyi işə qəbul imtahanı bu vəzifəyə marağı olanların sayını daha da artırdı. Xüsusilə də son illər edilən dəyişiklərə əsasən, müavinlərin həmin məktəbin müəllimləri arasından seçilməsi də bu vəzifəyə sahib olmaqistəyənlərə əlavə stimul verib.

Amma bu bölgə məktəblərində müavin olmaq istəyənlərdə bəzi çaşqınlıqların yaranmasına səbəb olub. Rayon məktəbində çalışıb hansı fənlərdən imtahan verəcəyini soruşanlar heç də az deyil.

Bəs, direktor müavinlərinin işə qəbulu necə həyata keçirilir? Müavin olmaq istəyənlər hansı fənlərdən imtahan edilirlər?

AzEdu.az xəbər verir ki, paytaxtda və bölgələrdə direktor müavinlərinin işə qəbulu fərqli qaydalarla həyata keçirilir.

Bakıda məlum olduğu kimi direktor müavinlərinin işə qəbulu ikimərhələli müsabiqə yolu ilə həyata keçirilir. I mərhələ test imtahanları, II mərhələ isə müsahibədən ibarət olur. İmtahan zamanı suallar Məntiq, İnformatika və vəzifə səlahiyyətləri ilə bağlı olur. Namizədlərə 1 saat ərzində cavablamaq üçün 40 sual təqdim edilir.

Müavinlərin işə qəbulunun imtahan mərhələsi artıq  10-11 may tarixlərində baş tutub.

İşə qəbul üzrə imtahanlar çərçivəsində müsabiqədə yalnız direktor müavini deyil, həm də laborant, kitabxanaçı və uşaq birliyi təşkilatı rəhbəri olmaq istəyənlər iştirak ediblər. Qeyd edilən vəzifələr üzrə müsabiqəyə qatılan şəxslərə isə 30 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 45 dəqiqə vaxt verilib.

İmtahanların nəticələrinə və mövcud vakansiyalara uyğun keçid balları müəyyənləşdirilib. Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə keçid balı 28, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə keçid balı isə 25 müəyyənləşib.

Bütün vakansiyalar üzrə test imtahanlarında ümumilikdə 2 647 namizədin iştirak edib. Ümumiyyətlə, imtahanda iştirak edən 1 655 namizəddən 555 nəfəri keçid balından yüksək nəticə göstərib.

Paytaxtda direktor müavini olmaq istəyənlərin imtahan üçün iş nömrəsini bilməsi və gələrkən şəxsiyyət vəsiqəsini gətirməsi mütləqdir.

1 saat davam edən imtahanın sonunda hər namizədin ilkin nəticəsi birbaşa kompüterin ekranında görünür. Şəffaflığın artırılması məqsədilə imtahanın videoçəkilişi də aparılır.

Bölgələrdə isə müavinlərin işə qəbulu imtahan əsasında aparılmır. Rayonlarda bu proses direktorun təlimatı, Təhsil Şöbəsinin razılığı ilə həyata keçirilir. Müavin olmaq üçün mütləq hazırda həmin orta təhsil müəssisəsində işləyən müəllimlər təklif edilirlər.

Təkcə Bakı şəhəri üzrə təşkil edilən müsabilərlə bağlı aparılan təhlillərə əsasən deyə bilərik ki, bu il direktor müavini olmaq istəyən və bunun üçün qeydiyyatdan keçənlərin sayı ötən illə müqayisədə 2 dəfədən çox artıb.

Qeyd edək ki, hazırda orta təhsil müəssisələrində müavinlərin əməkhaqqı direktorun maaşından 10 % aşağı müəyyən edilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları