Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-12 19:58:23
Turizm və Menecment Universitetində yeni prorektor təyinatı - FOTO

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin  əmri ilə Anar Nazim oğlu Eminov Azərbaycan Turizm və Menecment Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib. 


AzEDU.az-ın  məlumatına görə, aprelin 12-də Anar Eminov yeni prorektor kimi Universitetin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev və Elm sektorunun müdiri  Vüqar Məmmədovun iştirakı ilə kollektivə təqdim edilib. 

Qeyd edək ki, Anar Nazim oğlu Eminov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq ticarət” ixtisası üzrə bakalavr dərəcəsindən fərqlənmə diplomu ilə məzun olub, 2004-2006-cı illərdə Türkiyə Respublikası Doqquz Eylül Universitetinin Sosial Elmlər İnstitutunda “Beynəlxalq biznesin idarə olunması” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib. 
2000-ci ildə universitetlərarası Riyaziyyat olimpiadasında birinci yerə layiq görülüb. 
Anar Eminov 2007-2011-ci illərdə Qərb Universitetinin Hüquq fakültəsində ikinci ali təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib.

2007-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində “Dünya İqtisadiyyatı” ixtisası üzrə doktorantura təhsilini vaxtından əvvəl başa vuran A.Eminov 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.


2010-cu ildən etibarən Azərbaycan Turizm və Menecment Universitetində “Turizmdə menecment və marketinq” kafedrasında müəllim, baş müəllim, 2013-cü ildən etibarən isə “Marketinq” kafedrasının müdiri vəzifəsində çalışan A.N.Eminov rus, ingilis və türk  dillərini bilir. 
2016–cı ildən “Marketinq” kafedrasının dossentidir. Hazırda elmlər doktoru proqramı üzrə təhsilini başa vurmaq üzrə olan A.Eminov yerli və beynəlxalq elmi jurnallarda (Fransa, Türkiyə, Rusiya, Bolqarıstan, Qırğızıstan vəs.) çap edilmiş 70-dək məqalə, 1 monoqrafiya və 4 dərs vəsaitinin müəllifidir.