https://www.zirve.edu.az/
12.02.2019 10:57
“Bir-ikisini çıxmaqla, ölkədəki qəzetlərin adlarını da tanımırıq” –Tələbələrdən iradlar  

“Əvvəlcə qəzetləri tanıtmaq lazımdır. Bir- ikisini çıxmaqla, gənclərin əksəriyyəti heç qəzetlərin adlarını tanımırlar”

İnternetin geniş yayıldığı bir dövrdə xüsusilə  gənclər arasında  qəzetlərə maraq günü-gündən azalır. Belə bir şəraitdə gənclərin diqqətini çəkmək  üçün hansı addımlar atılmalıdır?

AzEdu.az mövzu ilə bağlı  tələbələr arasında sorğu keçirib:.

 Bakı Mühəndislik Universitetinin IV kurs tələbəsi Munisə İsmayılova sonuncu dəfə nə vaxt qəzet alıb oxuduğunu xatırlamır:

“Düzünü desəm, sonuncu dəfə əlimə nə vaxt qəzet alıb oxuduğumu xatırlamıram. Nəsə bir məlumat lazım olduqda isə internet vasitəsilə xəbər portallarından öyrənirəm. Hər kəsin maraq dairəsi müxtəlifdir. Qəzetlər o vaxt marağımı çəkər ki orda mənə həqiqətən yararlı məlumat verilsin. Tarixdə yazılan rəqəmlərdən daha çox gizli saxlanılan məlumtlardan danışılsın. Bir sözlə, insanın dünya görüşünü artıran xəbərlər olsa daha maraqlı olardı”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin III kurs tələbəsi Reyhan Bayramova qəzetlərdən tam razı olduğunu, heç bir dəyişikliyə ehtiyac olmadığını deyir:

“Əslinə qalsa mən qəzetlərdən çox razıyam. Hər gün köşklərdən bir- bəzən iki qəzet alıram. Hər hansı bir dəyişiklik olarsa bu mənə daha qəribə gələrdi”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin III kurs tələbəsi Əliyarlı Hüseyn çox qəzet oxumadığını, bunun səbəbini isə internetdən faydalanmasında görür:

“Açığı, qəzet oxuyan deyiləm. İnternetin yayıldığı bir dövrdə hər hansı bir xəbəri internet vasitəsi ilə xəbər portallardan öyrənmək daha rahatdır nəinki gedib köşkdən qəzet almaq. Məncə qəzetlərdə gənclərin maraq dairəsinə uyğun yazılar olsa daha yaxşı olardı”.

Bakı Dövlət Universiteti III kurs tələbəsi Orxan Nəbizadə hər şeydən əvvəl qəzetlərin tanıdılmalı olduğunu deyir:

“O qədər də çox qəzet oxuyan deyiləm. Maraqlı gələn bir məlumata internet vasitəsilə telefon ya da kompüterdən baxıram. Məncə əvvəlcə qəzetləri tanıtmaq lazımdır. Bir-iki qəzeti çıxmaqla gənclərin əksəriyyəti digərlərinin adlarını da  tanımırlar. O ki qaldı , qəzet oxusunlar.

Daha sonra, qəzetlərdə gənclərin, diqqətini çəkəcək mövzular işlənməlidir. Qəlibləşmiş, standart xəbərlər yerinə, daha çox yeni, məlumat verici və maraqlı xəbərlər olmalıdır”.

Azərbaycan Dillər Universiteti III kurs tələbəsi Kübra Niftiyeva deyir ki, qəzetlərdə məşhurlarla bağlı xəbərlər yerinə, məlumatlandırıcı xəbərlər olsa gənclərin diqqətini daha çox çəkər.

“Məncə qəzetlərdə həyatla bağlı məlumatlar gənclərin diqqətini daha çox cəlb edər. Filan məşhur öldü, yaxud bu müğənni bunu etdi, o biri başqa bir iş gördü kimi məlumatlar yeinə gəncləri həyata hazılayaczq məlumatlar olsa daha yaxşı olar”.

Azəbaycan Dövlət İqtisad Universitetinin I kurs tələbəsi Turan Süleymanlı deyir ki,  bilinməyən gizli məlumatların verilməsi gənclərin diqqədini daha çox çəkər:

“Düzü qəzet oxuyan deyiləm. Məncə internetin, sosial şəbəkələrin çox istifadə olunduğu bir dövrdə qəzetə maraq yoxdu. Lazım olanı internetdən öyrənə bilirik. Düşünürəm ki, qəzetlərdə mütəfəkkirlərin sözlərini,ya müxtəlif şeir parçalarından, ya da elmin bilinməyən tərəfləri haqda yazmaq olar. Eyni zamanda, kimsənin bilmədiyi, faktlar haqda məlumat verilsə gənclərin diqqətini daha çox çəkər”.

Rəna Nəbi