Azedu.az

Mahirə Hüseynova: Süni intellekt müəllimi əvəz edə bilməz

AzEdu Təhsil Platforması

28 Noyabr 2026, 11:20
Mahirə Hüseynova: Süni intellekt müəllimi əvəz edə bilməz

Xarici dillərin dərindən mənimsənilməsi üçün ilk növbədə ana dilinin qrammatik quruluşunu, qanunauyğunluqlarını və ifadə imkanlarını mükəmməl bilmək vacibdir. Dillərin müqayisəli şəkildə öyrənilməsi bu prosesdə mühüm əhəmiyyət daşıyır.

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova “Dil müəllimləri: aktual problemlər və inkişaf istiqamətləri” mövzusunda keçirilən sammitdə çıxışı zamanı səsləndirib. Professor bildirib ki, Azərbaycan dili zəngin qrammatik quruluşu, qanunauyğunluqları və ifadə imkanları ilə seçilən dillərdəndir. Bu dilin xüsusiyyətlərini dərindən mənimsəmək digər dillərin öyrənilməsinə də müsbət təsir göstərir.

“Dil tədrisində müqayisəli yanaşmanın tətbiqi, müxtəlif dillərin qrammatik və leksik xüsusiyyətlərinin qarşılaşdırılması öyrənmə prosesini daha səmərəli edə bilər. Xüsusilə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin dünya ədəbiyyatının nümunələrini orijinaldan oxuması onların həm dil biliklərinin, həm də ədəbi dünyagörüşünün inkişafı baxımından əhəmiyyətlidir. Bədii əsərlərin bir dildən digərinə tərcüməsi heç də həmişə orijinalın bütün məna və üslub xüsusiyyətlərini olduğu kimi əks etdirmir. Xüsusilə frazeoloji birləşmələr, ifadələr və dilin özünəməxsus qrammatik xüsusiyyətləri tərcümə prosesində xüsusi diqqət tələb edir”,- deyə Mahirə Hüseynova qeyd edib.

Süni intellektin dil tədrisindəki roluna da toxunan professor hesab edir ki, bu texnologiya müəllimin fəaliyyətini asanlaşdıran mühüm vasitə olsa da, onu əvəz edə bilməz.

Müəllim yalnız mövcud məlumatları öyrədən şəxs deyil, eyni zamanda, yaradıcı düşünən, yeni bilik və metodlar axtaran, tələbələrin intellektual inkişafına istiqamət verən şəxsiyyətdir. Buna görə də rəqəmsal texnologiyaların inkişaf etdiyi müasir dövrdə müəllim əməyinə və pedaqoji fəaliyyətə ehtiyac qalmaqdadır.

(AZƏRTAC)

Gürcüstandan Ərdoğanı şok edən cavab - Türkləri döyənlərə təşəkkür!
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox