
“Axırıncı dəfə oxumaq üçün əlimə qəzet alanda 3-cü sinifdə idim”.
Son illər internetin, online medianın sürətli inkişafı qəzetə olan tələbatı aşağı salıb. Hazırda qəzet alıb oxuyanlar demək olar, ancaq yaşlı, qismən də orta nəslin nümayəndələridir.
Bəs gənclər necə, onlar ara-sıra köşklərdən qəzet alıb oxuyurlarmı?
Mövzu ilə bağlı AzEdu.az əməkdaşı gənc tələbələr arasında sorğu keçirib:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsi III kurs tələbəsi Hüseynova Ziba sonuncu dəfə nə vaxt qəzet oxuduğunu xatırlamır:
“Düzünü deyim, son dəfə əlimə nə vaxt qəzet aldığım yadımda deyil. Onu bilirəm ki, tələbəlik dövründə heç qəzet oxumamışam. Sonuncu dəfə orta məktəb dövründə atamın alıb gətirdiyi qəzetlərə elə-belə göz gəzdirmişəm. Amma nə vaxt olduğunu dəqiq xatırlamıram”.
Azərbaycan Dövlət Dənizçilik Akademiyası Gəmi Mexanikası və Elektromexanikası fakültəsi I kurs tələbəsi Əhmədov Toğrul sonuncu dəfə uşaq qəzetləri oxuduğunu deyir:
“Anam həmişə şirniyyat bişirəndə yanmasın deyə xəmirin altına qəzet sərir. Son dəfə qəzeti anama xəmirin altına sərməsi üçün verəndə əlimə almışım. Balaca olanda maraq üçün uşaq qəzetlərini oxuduğumu xatırlayıram. Başqa nə vaxt qəzet oxuduğumu, ya da əlimə nə vaxt qəzet aldığım yadımda deyil”.
Azərbaycan Dillər Universiteti Təhsil fakültəsi IV kurs tələbəsi Nəsibova Yeganə internetin geniş yayıldığı bir dövrdə qəzetlərin o qədər də oxunmadığını bildirir:
“Axırıncı dəfə nə vaxt qəzet oxuduğum yadıma gəlmir. İnternetin olduğu bir dövrdə inanmıram ki yaşlı nəsil çıxılmaqla kimsə qəzet oxusun”.
Odlar Yurdu Universitetinin Humanitar və Xarici dillər fakültəsi I kurs tələbəsi Axundzadə Sevinə qəzetləri yeni nəslin diqqətini çəkmədiyini düşünür:
“Açığını desəm, qəzet oxuyan deyiləm. Axırıncı dəfə yalnız elektron qəzet oxumuşam o da nitq mədəniyyəti dərsinə görə. Yeni nəslin diqqətini çəkəcək mövzuların olmaması, bəlkə də hazırki nəsli savadsızlaşması ilə əlaqədərdi, ya nədəndi deyə bilmərəm amma məncə qəzetlər hazırda öz dəyərini itirib”.
OYU-nun digər tələbəsi Rəqsanə Qurbanova qəzet oxumağı sevdiyini və mümkün qədər çox qəzet aldığını deyir:
“Oxumağı çox sevdiyim üşçün mümkün qədər çox qəzet alıram. Ən çox oxuduğum qəzetlər “Söz”. “Üç Nöqtə”, “Yeni Müsavat”, “Respublika” qəzetləridir”.
Bakı Dövlət Universiteti Filologiya fakültəsi II kurs tələbəsi Əfəndiyeva Sürəyya axrıncı dəfə 3-cü sinifdə olanda qəzet oxuyub:
“Qəzet oxumaqla aram bir o qədər də yaxşı deyil. Yalnız tapmacalar. Söz oyunları olan qəzetlərdən alıram. Axırıncı dəfə oxumaq üçün əlimə qəzet alanda 3-cü sinifdə idim.”
Rəna Nəbi
kitabı







